Bank Of Baku

Azərbaycanda müşahidə olunan torpaq sürüşmələrinin səbəbi nədir? - RƏY - FOTOSESSİYA

Azərbaycanda müşahidə olunan torpaq sürüşmələrinin səbəbi nədir? - <font color=red>RƏY - FOTOSESSİYA</font>
# 29 mart 2012 12:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Son zamanlar Azərbaycanda sürüşmə sahələrində aktivləşmələr müşahidə olunur, yeni sürüşmə sahələri yaranır. Bu il Quba, Lənkəran, Astara, Lerik, Göyçay rayonlarında, Bakı-Yevlax-Şamaxı avtomagistralında, Muğanlı-İsmayıllı-Qəbələ yolunda, eləcə də paytaxtdakı sürüşmə sahələrində belə aktivləşmələr müşahidə edilib. Son aylar Bakıda Bayıl yamacında, Xətai rayonu ərazisində, Qaraçuxurdakı sürüşmə sahəsində, Abşeron rayonun Masazır qəsəbəsində təhlükəli sürüşmələr baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya bildirib ki, ümumilikdə Azərbaycanda 223 sahədə sürüşmə prosesinin aktivləşməsi qeydə alınıb: “Təbii və texnogen amillərin təsiri nəticəsində Azərbaycan ərazisində sürüşmə sahələrində ekzogen geoloji proseslər öz aktiv inkişaf fazasına keçib, konturlarını genişləndirib və eyni zamanda yeni sürüşmə sahələri yaranıb. Respublika ərazisinin ayrı-ayrı bölgələrində təbii və insan fəaliyyəti ilə bağlı amillərdən asılı olaraq bu və ya digər proseslər geniş inkişaf edir. Dağlıq və dağətəyi zonalarda qeyd edilən amillərin təsiri ilə, fəal inkişaf etmiş təsərrüfat obyektlərinə təhlükə törədən proseslərdən başlıcası sürüşmələrdir. Bir çox dağlıq və dağətəyi rayonlarda sürüşmə proseslərinin neqativ təsirinə məruz qalmış obyektlər sırasına qəsəbələr, kəndlər, beynəlxalq və respublika əhəmiyyətli magistral yollar daxildir”.

Ş. Niftiyevin sözlərinə görə, ekzogen geoloji proseslərin fəallaşmasına səbəb meşələrin qırılması, mal-qaranın çox otarılması ilə çəmənliklərin məhv edilməsi, hidrotexniki tikintilər, yol-tikinti işləridir: “Eroziya proseslərinin inkişafına yay otlaq sahələrinin vəziyyəti də böyük təsir edir. Uzun müddətli, sistemsiz otarma mövsümündən sonra quraq dövrlərdə torpağın üst qatı aşınır və dağıdıcı sellərin ocaqlarının əmələ gəlməsinə səbəb olur. Yevlax-Şamaxı avtomagistralında, Muğanlı-İsmayıllı-Qəbələ yolunda sürüşmə sahələrində baş verən aktivləşmələrin əsas səbəbləri texnogen amillərlə bağlıdır”.

Seysmik amillərə gəlincə isə baş mühəndis qeyd edib ki, ümumiyyətlə, Azərbaycan ərazisi geoloji quruluşunun mürəkkəbliyinə görə, dağəmələgəlmə prosesinin davam etdiyi bir ərazi kimi fəal seysmik zonaya daxildir (Rixter şkalasına görə 7-9 bal). Bu, ölkənin müxtəlif bölgələrində orta güclü zəlzələlərin olması ilə təsdiq edilir. Respublika ərazisinin Şamaxı, İsmayıllı, Gəncə, Zərdab, Mingəçevir, Şəmkir, Tovuz bölgələri, Talış dağları və Kiçik Qafqazın Kəlbəcər hissəsi fəal seysmik zonalardır. Həmin bölgələrdə zəlzələlərdən sonra ekzogen geoloji proseslər, sürüşmələr, qar uçqunları, çökmələr aktivləşir: “Seysmik aktivlik seysmogen zonalarda sürüşmələrin aktivləşməsinə təsir göstərir. Həmin ərazilərdə sürüşmələrin aktivləşməsi əsasən Şamaxı, İsmayıllı bölgəsində özünü göstərir. Bu bölgələrində seysmodinamik vəziyyətdə müəyyən dəyişmələr olub. Bunun da sürüşmələrə müəyyən təsirləri var. Sürüşmələrə ölkə ərazisində baş verən torpaq qırılmaları da təsir göstərir. Qırılma boyunca yerləşən istənilən sürüşmə sahəsində aktivləşmələr müşahidə olunur”.

Baş mühəndis bu il dağlıq ərazilərdə müşahidə olunan aktivləşmələrin əsas səbəbinin təbii amillərlə bağlı olduğunu bildirib: “Bu əsasən, yanvar-mart aylarında atmosfer çöküntülərinin normadan artıq düşməsi ilə əlaqədardır. Süxurlar tədricən öz strukturunu itirir. Məsələn, Muğanlı sahəsində 1980-ci ildən bəri 11 dəfə sürüşmə olub. Artıq həmin ərazidə süxurlar tamamilə öz strukturlarını itiriblər və su dəyən kimi axıb gedirlər”.

Ş. Niftiyev Bakı şəhərində baş verən sürüşmələrin əksəriyyətində isə insan faktorunun rol oynadığını deyib. Onun sözlərinə görə, burada təbii amillərlə yanaşı, texnogen amillərin də rolu danılmazdır: “Kim deyirsə ki, sürüşmə sahələrində tikinti aparmaq olmaz, yalandır, olar. Yaponiya kimi sürüşmələrdən daha çox əziyyət çəkən ölkədə sürüşmə sahələrinin üzərində göydələnlər ucaldılır. Sadəcə olaraq ərazinin mühəndisi-geoloji şəraiti tam öyrənildikdən və yamacın dayanıqlığı bərpa edildikdən sonra həmin ərazidə tikinti aparmaq olar. Lakin Bakıda sürüşməyə meylli yamaclarda tikinti aparılması məqsədəuyğun deyil. Çünki gec-tez həmin ərazilərdə oyanışlar yaranacaq. Amma Bakıda belə ərazilərdə tikinti işləri aparılıb, bərkitmə işlərinin hansı səviyyədə aparıldığı isə yaxın zamanlarda aparılan araşdırmalardan sonra məlum olacaq”.

AMEA Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin aparıcı elmi işçisi Əvəz Salamov APA-ya bildirib ki, bu il sürüşmələrin aktivləşməsinin əsas səbəbi atmosfer çöküntüləridir: “Burada iqlim dəyişmələrinin də təsiri var. Bu il havada şaxta çox oldu, yağış və qarın miqdarı çox düşdü. Suyun dövriyyəsi qanununa görə, əraziyə düşən suyun miqdarı qədər də su buxarlanmalıdır. Bu tarazlığın pozulması nəticədə sürüşmələr aktivləşdi”. Ə. Salamov sürüşmələrdə insan fəaliyyətinin də rolunun böyük olduğunu deyib. Onun sözlərinə görə, sürüşmə gözlənilən ərazilərdə tikintilər irimiqyaslı tədbirlər görüldükdən sonra aparılmalıdır: “Paytaxtda baş verən sürüşmələr əsasən, tikinti işlərinin aparılması üçün yamacların kəsilməsi, yeraltı kanalizasiya, istilik sistemi və su xətlərində olan sızmalar nəticəsində əmələ gələn nəmlənmə ilə bağlı olub. Təbii amil olan atmosfer sularının yığılması üçün normal şərait olmalıdır. Bu sular kanalizasiya sisteminə daxil olmalı və şəhər ərazisindən çıxarılmalıdır. Amma bu gün bu qayda-qanuna bir o qədər əməl olunmur. Ona görə də şəhər ərazilərində subasmalar, sürüşmələr baş verir”.

Ə. Salamov deyib ki, yamaclar kəsiləndə orada sürüşmələrdən mühafizə tədbirləri görülməlidir: “Buraya istinad divarlarının tikintisi, lay vurulması, yamacdan tökülən suların ərazidən uzaqlaşdırılması üçün kanallar şəbəkəsinin qurulması və sair tədbirlər aiddir. İndi çox yerdə tikinti aparmaq məqsədilə maili ərazilər üfüqü hala gətirilir, bunun üçün əraziyə əlavə torpaqlar tökülür. Torpağın bərkidilməsi düzgün olmadıqda və oraya texnogen sular və atmosfer çöküntüləri daxil olduqda, bu, sürüşmələrə, yamacların qarşısındakı istinad divarlarının uçmasına səbəb olur. Belə hallar yaxınlıqdakı binalara da təsir göstərir. Hazırda paytaxtdakı binaların çoxunun zirzəmisi su ilə doludur. Belə binaları da gələcəkdə təhlükələr gözləyir” .

Ə. Salamov bildirib ki, bu il Azərbaycanın bir çox yerlərində sürüşmələrdə aktivləşmələr baş verib: “Hazırda Azərbaycanın cənub ərazisində Lerik rayonu, şimal ərazisində Böyük Qafqaz dağlarının Azərbaycan ərazisinə düşən cənub yamacı, Şamaxı, İsmayıllı rayonlarının ərazilərində, Altıağacda və Bakı şəhərində sürüşmə sahələri çoxdur. Sürüşmələrin qarşısını almaq üçün avtomobil yollarının ətrafında suötürücü kanallar tikilməlidir: “Yola axan sular yolun islanmasına səbəb olur, yol ətrafında və dağlıq ərazilərdə sürüşmə prosesləri aktivləşməyə başlayır”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə APA-ya bildirib ki, baş plan işlənən zaman ərazilərin geoloji və ərazi quruluşu haqqında xəritələrdə məskunlaşma üçün münasib olmayan ərazilər qeyd edilir. Onun sözlərinə görə, məskunlaşma üçün əlverişsiz ərazilər bir neçə faktor üzrə müəyyənləşir. Bunlar sənaye obyektinə yaxın, radiasiya təhlükəsi yüksək olan ərazilər və sürüşməyə meylli ərazilərdir. Lakin bəzən belə ərazilərin mənimsənilməsi baş verir. Sürüşmə təhlükəsi olan ərazilərdə məskunlaşma, mühafizə tədbirlərinin görülməməsi, fəal suvarmalar, kommunikasiya xətlərinin düzgün qurulmaması, istinad divarlarının keyfiyyətsiz tikilməsi və sair sürüşmələrə səbəb olur. Torpağın yükgötürmə qabiliyyətini, geoloji quruluşunu bilmədən aparılan tikintilər mənfi nəticələrə gətirib çıxarır”. Şöbə müdiri deyib ki, son illər əhalinin kütləvi şəkildə Bakıya axını və qaydasız məskunlaşması zamanı bəzi ərazilərdə texniki xüsusiyyətlər nəzərə alınmayıb: “Elə kəndlər var ki vaxtilə orada qrunt suları olmayıb, amma məskunlaşma nəticəsində məişət suları ərazidə lay sularının səviyyəsinin qalxmasına səbəb olub”.

Cahangir Qocayevin sözlərinə görə, hazırda bina tikintisi üçün bütün layihələr ekspertizadan keçir və rəy verilir: “Normativ sənədlərdə bu tələblərin hamısı gözlənilir, lakin icra zamanı bu tələblər nəzərə alınmır. Bina tikintisi zamanı torpağın altında qalan örtülü işlərin də aktı tərtib olunmalıdır. Layihəçilər hər zaman bu məsələlərə nəzarət etməlidirlər”.

Bəs Bakının Baş Planında sürüşməyə meylli olan ərazilər göstəriləcəkmi? Şöbə müdiri deyib ki, hazırda Bakının regional inkişaf planı hazırlanır, onun əsasında isə Baş Plan işlənəcək: “1987-ci ildə təsdiq olunan və 2005-ci ilədək nəzərdə tutulan Bakının Baş Planında da sürüşmə sahələri göstərilib. Sadəcə olaraq ona əməl olunmayıb”.

Cahangir Qocayev Bayılda tikinti işlərinin aparılmasını düzgün hesab etmir: “Bayıl sözünün mənası bayılma deməkdi, yəni o ərazi bayılan, sürüşən ərazidir. Amma orada tikinti işləri və məskunlaşma həyata keçirilib. Bu ərazi yaşıllaşdırma məqsədləri üçün istifadə olunmalıdır. Yaşıllaşdırma işləri də xüsusi peşəkarlıqla aparılmalıdır. Ağaclar seçiləndə sürüşməyə kökləri ətraflara daha çox yayılan ağaclara üstünlük verilməlidir. Çünki belə ağaclar sürüşmənin qarşısını alır. Kökləri düz, şaquli olaraq dərinə gedən ağaclar sürüşməni bir az da sürətləndirə bilər. Bəzən insanlar binaların dibinə ağac əkirlər və onun suvarılması qruntun islanmasına və çökməsinə səbəb olur. Şəhərin Kommunal Təsərrüfat Departamenti və Mənzil İstismar Sahələri bu məsələlərə nəzarət etməlidirlər. Ümumiyyətlə, istismara nəzarəti və insanlar arasında istismar mədəniyyətini yüksəltmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR