Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kəlbəcərin təbii ehtiyatları haqqında açıqlama yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kəlbəcərin təbii ehtiyatları haqqında açıqlama yayıb
# 02 aprel 2012 09:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 ildir ki, işğal altında olan Kəlbəcər rayonunun təbii ehtiyatları haqqında açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Kəlbəcər ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.

Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və digər saf sulu gölləri var. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqlarına malikdir. 1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edib. Bundan əlavə, rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar meşə-park zonası var idi. Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi ayıfındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.

Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal bu yerlər üçün xarakterik fauna növləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR