Bank Of Baku

Yer kürəsində 2050-ci ildə yaşı 80-dən çox olan insanların sayı 395 milyona çatacaq

Yer kürəsində 2050-ci ildə yaşı 80-dən çox olan insanların sayı 395 milyona çatacaq
# 05 aprel 2012 16:07 (UTC +04:00)
Qarşıdakı beş il ərzində, bəşəriyyət tarixində ilk dəfə olaraq, 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər uşaqların sayından artıq olacaq. Bu yaşda olan insanların sayı 2050-ci il üçün 14 yaşa qədər uşaqların sayını ötüb keçəcək”. Bu açıqlamanı APA-ya ÜST-ün Azərbaycandakı Nümayəndəliyinin qeyri-infeksion xəstəliklər üzrə mütəxəssisi Sevil Əsədova verib.

Onun sözlərinə görə, 21-ci əsrin ilk yarısında dünyada yaşı 60-dan yuxarı olan əhalinin faiz nisbəti ikiqat artaraq, 11 faizdən 22 faizə çatacaq. Həmin dövr ərzində 60 və daha yuxarı yaşlı insanların sayının 605 milyondan 2 milyarda çatacağı gözlənilir.

S. Əsədova bildirib ki, sağlam yaşlanma, beynəlxalq ictimai səhiyyə proqramının gündəliyində yüksək prioritetə çevrilir: “Sağlam yaşlanma həyatın ilkin mərhələlərindəki sağlamlıqla əlaqədardır. Məsələn, ana bətnində ikən zəruri maddələrlə qidalanmamaq yaşlı vaxtda qan dövranı çatışmazlıqları və şəkərli diabet kimi xəstəliklərə tutulma riskini artıra bilər. Uşaqlıqda keçirilən tənəffüs yollarının infeksiyası yaşlı vaxtda xroniki bronxit xəstəliyinə tutulma riskini artıra bilir. Piylənmə və ya həddən artıq çəki problemi olan yeniyetmələr yaşlı vaxtlarında şəkərli diabet, qan dövranı çatışmazlıqları, xərçəng, tənəffüs orqanları fəaliyyətinin və əzələ-skelet sisteminin pozulması kimi xroniki xəstəliklərlə üzləşirlər”.

Mütəxəssisin sözlərinə görə, sağlam yaşlanma bir çox faktorlardan asılıdır. Fərdin bioloji sisteminin funksional imkanları ömrün ilk illərində formalaşıb artır, ilkin yetkinlik dövründə ən yüksək səviyyəyə çatır və bundan sonra təbii olaraq zəifləməyə başlayır: “Bu zəifləmə həddini, ən azı, qismən də olsa, bütün ömür boyu davranışlarımız və məruz qaldığımız təsirlər müəyyən edir. Buraya bizim nə yediyimiz, fiziki aktivlik səviyyəmiz və sağlamlıqla bağlı risklərə məruz qalmağımız, məsələn siqaret çəkmək, spirtli içkiləri hədsiz dərəcədə içmək nəticəsində yaranan təsirlərə və ya zəhərli maddələrin təsirinə məruz qalmaq halları daxildir”.

Qeyd edək ki, 7 aprel - Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 2012-ci il Ümumdünya Sağlamlıq Gününün mövzusu “Sağlam səhhət ömrü uzadır” devizi altında yaşlanma və sağlamlıq məsələsinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR