Bank Of Baku

Azərbaycanda güclü qar yağması səbəbindən blokadaya düşən kəndin rayon mərkəzi ilə əlaqəsi 10 gündən sonra bərpa edilib

Azərbaycanda güclü qar yağması səbəbindən blokadaya düşən kəndin rayon mərkəzi ilə əlaqəsi 10 gündən sonra bərpa edilib
# 07 aprel 2012 12:13 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, mart ayının 3-cü ongünlüyündə - martın 24-25-də güclü qar yağması nəticəsində rayon mərkəzinin 34 km-də, Göydağın şimal ətəyində yerləşən Tülallar kəndini rayon mərkəzi ilə birləşdirən yol bağlanıb, kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib. Nəticədə kənd sakinlərinə məxsus mal-qara üçün tədarük edilən yem ehtiyatı tükənib, əhali üçün də ərzaq çatışmazlığı problemi yaranıb. Kənd sakinləri yaranmış problem haqqında Göygöl Rayon İcra Hakimiyyətini məlumatlandırıblar.

Göygöl Rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, Tülallar kəndi ilə rayon mərkəzini birləşdirən yolun açılması üçün xeyli sayda texnika cəlb edilib, aprelin 5-də Göygöl-Tülallar yolunun 22 kilometri qardan təmizlənərək, kəndin rayon mərkəzi ilə əlaqəsi bərpa edilib. Hazırda kənd sakinləri rahat şəkildə rayon mərkəzinə gəlib-gedə bilirlər.

Qeyd edək ki, Tülallar Göygöl rayonunun ən ucqar və ən yüksəklikdə yerləşən kəndidir. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Göydağın ətəyində yerləşir. Kənd sakini, həkim Qalib Əliyevin APA-ya bildirdiyinə görə, qışın həddən artıq soyuq keçməsi, illik normadan qat-qat çox qar yağması Hacıkənddən başlayaraq Göydağın şimal istiqamətindəki bütün yolların 1-7 metr hündürlüyündə qarla örtülməsinə səbəb olub. Qışın uzanması, düşən qarın əriməsinin ləngiməsi gözlənilməz soyuqlara lazımi qaydada hazırlaşmayan kənd sakinlərini ciddi problemlə üz-üzə qoyub, əhalinin ərzaq ehtiyatı, eləcə də mal-qara üçün toplanmış yem tükənib: “Bu barədə məlumat alan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov kəndə gedən yolun təcili açılması barədə göstəriş verib, bütün qüvvələr səfərbər olunub. Görülən tədbirlər nəticəsində yol açılıb, ərzaqla dolu ilk maşın karvanı aprelin 5-də kəndə çatdırılıb, bununla da, yaranmış fövqəladə vəziyyət aradan qaldırılıb”.

Q. Əliyev kənd sakinləri adından rayon rəhbərliyinə təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR