Bank Of Baku

Azərbaycanda gənc alimlərin aylıq vəzifə və rütbə maaşlarının artırılması təklif olunur

Azərbaycanda gənc alimlərin aylıq vəzifə və rütbə maaşlarının artırılması təklif olunur
# 24 iyul 2012 10:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Azərbaycanda gənc alimlərin aylıq vəzifə maaşları 160-180 manatdır. Bu, çox aşağı bir məbləğdir. Ən azı müdafiə eləmiş gənc alimlərin maaşları digərlərindən fərqlənməlidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov verib.
Onun sözlərinə görə, Azərbaycanda gənc alimlərin aylıq vəzifə və rütbə maaşlarının artırılmasına ehtiyac var: “Akademiyanın həqiqi və müxbir üzvlərinin kifayət qədər yüksək rütbə maaşları var. Fəlsəfə doktorlarının aylıq rütbə maaşları isə cəmi 30 manatdır. Bu məbləğin ən azı 10 dəfə artırılması məqsədəuyğun olardı. Gənc alimlər üçün stumul olmalıdır. Sovet dövründə böyük elmi işçilərlə elmi işçilərin maaşları arasında fərq var idi. İndi isə onların maaşları bir-birindən o qədər də fərqlənmir”.

İ. Orucov qeyd edib ki, Azərbaycanda gənc alimlərlə bağlı xüsusi Dövlət Proqramının hazırlanmasına da ehtiyac var: “Düzdür, gənc alimlərlə bağlı müddəalar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında və “Elmin İnkişafı üzrə Milli Strategiya”da öz əksini tapıb. Amma bunlar kifayət deyil. Xüsusi Dövlət Proqramının olması gənc alimlərinin problemlərinin köklü həllinə yardım edə bilər”.

Mənzil məsələsinin də gənc alimlər üçün ən ciddi sosial problemlərdən biri olduğunu vurğulayan İ. Orucov qeyd edib ki, hazırda Akademiyanın mənzilə ehtiyacı olan gənc alimlərinin dəqiq sayı bəlli deyil: “Hələ bir neçə il əvvəl bu say 160 idi. AMEA-nın gənc alimləri üçün yaşayış binasının tikilməsi üçün Yasamal rayonunda yer təklif edilib. Lakin hələlik bununla bağlı yekun qərar verilməyib. Yekun qərar veriləndən sonra AMEA-da mənzilə ehtiyacı olan gənc alimlərin sayının dəqiqləşdirilməsinə başlanacaq. Azərbaycanda gənc alimlərin yaş həddinin 40-a çatdırılması ilə bağlı təklifimiz müsbət qarşılanıb və təklifə Milli Məclisdə baxılacağı gözlənilir. Bu təklif qəbul olunarsa, mənzilə ehtiyacı olan gənc alimlərin sayı daha da çox olacaq.
Ümumiyyətlə, AMEA alimlərinin əksəriyyətinin mənzil şəraitinin yaşxılaşdırılmasına ehtiyac var. AMEA-nın aspirantları üçün nəzərdə tutulmuş yataqxanada bütün ömürlərini elmə həsr edən alimlər var ki, illərdir ailələri ilə birgə şəraitsiz şəkildə yaşayırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR