Bank Of Baku

TQDK - “bilik qiymətləndirilir”

TQDK - “bilik qiymətləndirilir”
# 04 avqust 2012 11:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan ötən il dövlət müstəqilliyinin bərpasının 20 ilini qeyd etdi. Bu il isə ölkədə ilk milli qiymətləndirmə sisteminin – test üsulunun tətbiqinin 20 ili tamam olur. Bu, o deməkdir ki, ölkə əhalisinin 2 milyon nəfərdən çoxu məhz test üsulunun yetirməsidir və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “şinel”indən çıxıb...

Uğur 1: Müstəqillikdən cəmi bir yaş balaca

İlk dəfə olaraq 1969-cu ildə ABŞ-da orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunan test 1992-ci ildə siyasi cəhətdən qarışıq Azərbaycana vəsiqə alanda çoxları bu üsulun uğuruna inanmırdı. Amma fakt bu idi ki, ilk dəfə olaraq kasıb balaları üçün rüşvətsiz və tapşırıqsız ali məktəblərə daxil olmaq şansı yaranmışdı. Testin Azərbaycan cəmiyyətində duruş gətirməsinin və uğur qazanmasının kökündə bəlkə də ilk olaraq bu amil dayanır. 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması həm də o demək idi ki, müstəqilliyini bərpa etmiş Azərbaycan özünün milli təhsil sistemini qurmaq niyyətindədir. 1992-ci ilə qədər belə bir qurum nəinki Azərbaycanda, heç bütün postsovet məkanında mövcud deyildi.

1992-ci ildə respublikanın ali məktəblərinə qəbul imtahanları Türkiyə dövlətinin metodiki və texniki yardımı ilə həyata keçirildi. Təşkilat olaraq hələ çox zəif olan TQDK-nın həyatında dönüş 1993-cü ildən başladı. Təsadüfi deyil ki, hakimiyyətə yenidən qayıdışından sonra Heydər Əliyevin imzaladığı ilk fərmanlardan biri “Ali məktəblərə qəbul qaydalarının təsdiq olunması haqqında” olub. Fərmana əsasən, ali məktəblərə qəbul imtahanlarının keçirilməsi ilə bağlı TQDK ilə birgə Hökumət Qərargahı da yaradıldı. 1993-96-cı illərdə ali məktəblərə qəbul qaydaları Prezidentin xüsusi fərmanları ilə təsdiq olunurdu. Bu, həm də ölkə başçısının test üsulunu dəstəkləməsinin bir əlaməti idi.

Uğur 2: Kompüter texnologiyalarını kütləvi proseslərə tətbiq edən ilk dövlət qurumu

TQDK ölkədə İKT-ni kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumudur. Komissiya fəaliyyətinin ilk illərindən məlumatların emal edilməsi və abituriyentlərə çatdırılması prosesinin bütün mərhələlərinin avtomatlaşdırılmasına nail olub. Çünki imtahanların idarə olunmasının asanlaşdırılması, imtahan prosesinin intellektual müdafiəsi və imtahanlara kənar müdaxilənin mümkünsüzlüyünün təmin edilməsi ucun bu prosesin avtomatlaşdırılması tələb olunurdu. Həmin işlərin icrasına 1994-cü ildə başlandı və 1998-ci ilədək imtahanların bütün mərhələləri avtomatlaşdırıldı. İKT-nin qəbul prosesinə uğurlu tətbiqinin nəticəsidir ki, hazırda qəbul kampaniyasının bütün mərhələləri internet vasitəsi ilə həyata keçirilir. Sənəd qəbulundan tutmuş imtahana buraxılış vərəqələrinin paylanmasına qədər bütün prosesləri abituriyentlər heç yerə getmədən, heç bir məmurla ünsiyyətdə olmadan kompüter arxasından icra edə bilirlər. Bütün bu layihələrin yerinə yetirilməsi ucun hazırlanan tətbiqi proqramlar TQDK-nın öz mütəxəssisləri tərəfindən yerinə yetirilir və bu işlərə dövlət vəsaiti xərclənmir.

Uğur 3: Ölkə əhəmiyyətli layihələrin icrası

TQDK-nın informasiya texnologiyaları sahəsində əldə etdiyi təcrübə 1999-cu ildən başlayaraq ölkə səviyyəli layihələrin həyata keçirilməsində istifadə olunmağa başlayıb. 1999-2004-cü illər ərzində Komissiyaya əsas vəzifələri ilə yanası, respublikada İKT-nin inkişaf etdirilməsi işi tapşırılıb. Təsadüfi deyil ki, 1999-cu ildə dünyada kompüter sistemləri ilə əlaqəli olan “2000-ci il problemi” yarananda bu qlobal problemin Azərbaycanda həlli TQDK-ya həvalə olunub. Aparılmış qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan bu problemdən xətərsiz ötüşdü. 2000-ci ildə Azərbaycanda daha bir layihənin icrası - “Seçkilər” İnformasiya Mərkəzinin yaradılması TQDK-ya tapşırılıb. Bu sistem 2000-ci ilin noyabr ayında Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunub və indiyədək respublikada keçirilən seçkilərdə tətbiq edilir. 2002-ci ildə TQDK Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı layihəsinin Milli Koordinatoru təyin edilib. Layihə çərçivəsində İKT üzrə Milli Strategiya və 2003-2013-cü illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib.

Uğur 4: “Case study”

1998-ci ildən başlayaraq TQDK qiymətləndirmə sahəsində dünyanın nüfuzlu təşkilatları, o cümlədən ABS-ın “Təhsildə test xidməti”, Təhsildə qiymətləndirmə üzrə Avropa Assosiasiyası, Təhsildə qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya, Hollandiyanın “Təhsildə ölçmə institutu (CİTO)” ilə əməkdaşlıq yaratdı. 1999-cu ildə Təhsildə qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya TQDK-nı öz sıralarına qəbul etdi. Həmin dövrdə postsovet ölkələrindən yalnız Azərbaycan və Litva bu assosiasiyaya üzv qəbul olunub. 1999-cu ildə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya TQDK-nın əldə etdiyi nailiyyətləri nəzərə alaraq, onu üzvlüyə qəbul etdi. Çox keçmədən bu sahə üzrə beynəlxalq ekspertlər Komissiyanın fəaliyyəti ilə maraqlanaraq onun işini “müsbət təcrübə” (“case study”) kimi digər ölkələrə təqdim etdilər. Mütərəqqi qiymətləndirmə sisteminin yaradılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, dünyada bas verən yeniliklərin izlənilməsi də TQDK-nın fəaliyyətinin əsas istiqamətlərindəndir. 2007-ci il- Təhsildə qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın 33-cü konfransının Bakıda keçirilməsi beynəlxalq əməkdaşlıq sayəsində mümkün olub. Konfransın isinə 39 ölkədən 343 iştirakçı qatılıb. Həmin il TQDK-nın sədri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın icraiyyə komitəsinə üzv seçildi. 2008-ci ildə həmin təşkilatın regional konfransı da TQDK-nın təşkilatçılığı ilə Bakıda keçirildi. TQDK-nın işi ilə tanış olan beynəlxalq təşkilatlar ölkəmizdə qurulmuş qəbul sistemini müsbət qiymətləndirirdilər. Təsadüfi deyil ki, UNESCO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun 25 ölkəni təmsil edən nüfuzlu mütəxəssisləri 2001–2007-ci illərdə dünyada təhsil sahəsində mövcud olan korrupsiya hallarını araşdırıb və 315 səhifəlik hesabat hazırlamışdılar. Hesabatın qəbul imtahanlarının keçirilməsi ilə bağlı hissəsində Azərbaycanın tələbə qəbulu sahəsindəki təcrübəsi 60 ölkə arasında müsbət rəy alaraq nümunə kimi göstərilib: “Burada informasiya texnologiyalarının tətbiqi və müstəqil Komissiya tərəfindən nəzarətin həyata keçirilməsi ali məktəblərə qəbul imtahanlarının aparılmasında və biliklərin qiymətləndirilməsində şəffaflığın təmin olunmasına kömək edib”.

Uğur 5: Qəbul imtahanlarının elmi cəhətdən əsaslandırılmış məzmununun yaradılması

TQDK-nın bəlkə də ən əsas uğurlarından biri ali təhsilin tələblərinə cavab verən abituriyentlərin seçilməsini təmin edən dövlət standartlarının yaradılmasıdır. Çünki 1992-93-cü illərdə imtahanların məzmunu yalnız bu isə cəlb olunmuş bir necə ekspertin fikrini ifadə edirdi. Sovet dövründə təhsil alan abituriyentlərin müstəqillik illərində imtahan verməsi müxtəlif problemlər yaradırdı. Məhz buna görə də imtahanın məzmunu ilə bağlı standartların yaradılması məqsədilə TQDK-da 1994-cü ildən etibarən ekspert qrupları yaradıldı, elmi-metodiki seminarlar təşkil olundu. Orta və ali məktəb müəllimlərinin, Elmlər Akademiyası əməkdaşlarının dəvət olunduğu bu seminarlarda müasir testologiyanın elmi əsasları öyrənilir, testlər tərtib edilir, müxtəlif mövzular ətrafında müzakirələr aparılırdı. 1994-cü ildən yaranan bu seminarlar bu gün də öz fəaliyyətini davam etdirir və həmin seminarların müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi sahəsində müstəsna rolu var. Bunun nəticəsində TQDK zəngin test bankının yaradılmasına nail oldu və avtomatlaşdırma proseslərinin bu sahədə də tətbiqi imtahanın məzmununun intellektual cəhətdən müdafiəsini təmin etdi. İmtahan standartlarının yaradılması zaman keçdikcə cəmiyyətdə bas verən dəyişiklikləri nəzərə almağa, dünyada gedən yenilikləri izləməyə və Azərbaycanda tətbiq etməyə imkan verir. Test bankı yaradıldıqdan sonra onun müəyyən hissəsi 2001-ci ildə tam səkildə çap olundu. Bu addım geniş pedaqoji ictimaiyyətin testlərin müxtəlifliyini görməsi və məktəb dərslərində də istifadə edilməsi üçün atıldı.

Uğur 6: Abituriyentlər və müəllimlər ucun nəzərdə tutulmuş metodiki vəsaitlərin hazırlanması

Komissiya fəaliyyətinin sonrakı illərində təkcə qəbul imtahanlarının keçirilməsi ilə kifayətlənməyib, eyni zamanda, abituriyentlərin qəbul imtahanlarına yaxşı hazırlaşmalarına da yardımçı olmağa başladı. Təsadüfi deyil ki, TQDK-nın fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz abituriyentlər və müəllimlər ucun metodiki vəsaitlərin hazırlanmasıdır. Bu məqsədlə 1995-ci ildən TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalı təsis edildi. O vaxtdan başlayaraq hər il jurnalın 12 sayı və 10-larla xüsusi buraxılışı abituriyentlərin, şagirdlərin, müəllimlərin istifadəsinə verilir. Jurnalın səhifələrində qəbul qaydaları, qəbul proqramları, metodiki tövsiyələr, çətin test tapşırıqlarının izahı, qəbul proqramının mövzularına dair ekspert şərhləri, test tapşırıqları və s. materiallar dərc olunur. 2000-ci ildən etibarən isə məlumatların ictimaiyyətə çatdırılması məqsədilə İnternetdən geniş istifadə edilməyə başladı. Hazırda Komissiya tərəfindən “Abituriyent”, “Magistr”, “Rezidentura” jurnalları, ixtisas qrupları üzrə məlumat kitabçaları, Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər, bütün fənlər üzrə dərs vəsaitləri, siniflər və fənlər üzrə test kitabçaları buraxılır.

Uğur 7: Pepititorluqla mübarizə

2010-cu ildə TQDK qəbul imtahanlarına müstəqil hazırlaşmaq istəyən gənclərə kömək məqsədilə fənlər üzrə video-mühazirələri ictimaiyyətin istifadəsinə verdi. Beləliklə, əhaliyə göstərilən bu metodiki köməyin sayəsində bir çox gənc müəllimlər özünü təkmilləşdirmək, valideynlər uşaqlarının təhsilinə nəzarət etmək, ucqar bölgələrdə yaşayan, yaxud məktəb müəllimləri bir o qədər də yaxşı olmayan abituriyentlər müstəqil səkildə qəbul imtahanlarına hazırlaşmaq imkanı əldə etdilər. TQDK-nın sözügedən layihəsi ölkədə repititorluğun qarşısını almağa yönəlik əsas addımlardan biridir. Təsadüfi deyil ki, TQDK orta ümumtəhsil məktəblərində işləyən müəllimlərə müraciət edərək onları Komissiyanın hazırladığı videomühazirələrdə yaxından iştirak etməyə çağırıb. Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və TQDK-nın internet saytında yerləşdirilir. Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir. Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər. Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar.

Uğur 8: Digər dövlət qurumlarına qəbul

2000-ci ildə ölkə rəhbərinin üç fərmanı ilə dövlət qulluğuna işə qəbul, hakim vəzifəsinə və prokurorluq orqanlarına namizədlərin seçilməsi TQDK-ya həvalə olundu. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2005-ci ildə yaradılsa da, bu komissiya 2009-cu ilədək dövlət qulluğuna qəbulu TQDK ilə birgə apardı. Bütün bu tapşırıqların TQDK-ya həvalə olunması ona olan inamdan irəli gəlirdi. Hazırda vergilər, prokurorluq, ədliyyə, miqrasiya orqanlarına, Xarici İşlər Nazirliyinə daxil olmaq üçün namizədlərin seçimi, hakim vəzifəsinə və Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanları TQDK tərəfindən aparılır.

Uğur 9: İmtahan nəticələrinin statistik təhlilinin aparılması

1994-cü ildən başlayaraq imtahan nəticələrinin statistik təhlilinin aparılması, təhlilin nəticələrinin geniş ictimaiyyətə çatdırılması, bu mövzuda regional konfransların keçirilməsi, hər regiona və məktəbə aid olan nəticələrin təqdim edilməsi və müzakirəsi həyata keçirilməyə başladı və bu iş hazırda da davam etdirilir. Qəbul imtahanlarının elmi-statistik təhlilinin nəticələrinin çap edilib abituriyentlərin, müəllimlərin və təhsili idarəetmə orqanlarının istifadəsinə verilməsi ölkədə təhsilin keyfiyyətini qaldırmağa, orta təhsildəki nöqsanları və uğurları təhlil etməyə hesablanıb. Təsadüfi deyil ki, statistik nəticələrin açıqlanması hər dəfə qızğın müzakirələr və debatlara səbəb olur. Qəbul imtahanlarının statistik təhlili ilə yanaşı, TQDK tərəfindən bütün fənlər üzrə qəbul imtahanlarının nəticələrinin gender aspektləri, neft profilli ixtisasların statistikası, fənlər üzrə elmi-metodiki və statistik təhlil də aparılır.

Uğur 10: Sınaq imtahanlarının aparılması

1996-cı ildən TQDK daha bir uğura imza atdı. Abituriyentlərə öz bilik səviyyəsini yoxlamaq və onları test imtahanlarının texnologiyası ilə tanış etmək məqsədilə TQDK-da və bölgə mərkəzlərində sınaq imtahanlarının keçirilməsinə başlandı. Son illər sınaq imtahanları 60-dan artıq rayonda keçirilir. Sınaq imtahanları qəbul imtahanlarına qədər abituriyentlərə özlərini sınamaq və bilik səviyyələrini qiymətləndirmək şansı yaradır, eyni zamanda imtahanlar zamanı yaranan psixoloji gərginliyi qabaqcadan önləmək üçün vərdişlər aşılayır.

Uğur 11: Ali məktəblərin magistratura pilləsinə qəbulun təşkili

2005-ci ildə ölkə prezidentinin fərmanı ilə TQDK-nın yeni Əsasnaməsi təsdiq olundu. Bununla da, o vaxtadək TQDK-nın həyata keçirdiyi bir çox işlər hüquqi cəhətdən Komissiyanın fəaliyyət dairəsinə daxil edildi. Bundan əlavə, ali məktəblərin magistraturalarına da qəbul TQDK-ya həvalə olundu. Fərman aprel ayında imzalansa da, TQDK elə həmin il biz magistraturaya mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirməyə nail oldu. Magistraturaya qəbulla əlaqədar yalnız orta məktəb proqramları üzərində deyil, ali məktəblərin bütün ixtisasları üzrə proqramlar üzərində iş aparılmağa başlandı. Komissiya tərəfindən ali məktəblərin tədris proqramları üzrə araşdırmaların aparılması Azərbaycanın 2005-ci ildə Boloniya Prosesinə daxil olmasına təkan verdi.

Uğur 12: TQDK-nın regional bölmələrinin yaradılması

2009-cu ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə TQDK-nın 5 regional bölməsi yaradıldı. Komissiya yarandığı vaxtdan ali məktəblərə qəbul imtahanları ancaq Bakı və Naxçıvanda, 2007-ci ildən Sumqayıtda keçirilirdi, sonrakı illərdə bu sıraya Gəncə, Səki və Lənkəran da qatıldı. Gələn il isə ali məktəblərə qəbul imtahanlarının TQDK-nın bu il yaradılmış Göyçay, Ağcabədi və Şirvan regional mərkəzlərində də keçirilməsi nəzərdə tutulur. Ali məktəblərə qəbul imtahanları ilə yanaşı, sınaq və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının da region coğrafiyası ildən-ilə genişlənməkdədir. Regional bölmələrin fəaliyyəti sayəsində region müəllimlərinin həm imtahanı keçirən və idarə edən heyətin, həm ekspert qruplarının üzvləri və seminar iştirakçıları, həm bunker müəllimləri, həm də test müəllifləri kimi Komissiyanın gündəlik isinə cəlb olunmasına nail olunub.

Uğur 13: “Tələbə-məzun” Dövlət Elektron Məlumat sisteminin yaradılması

2010-cu ildə ölkə prezidenti tərəfindən 1992-ci ildən TQDK-da toplanan elektron məlumat bazası əsasında “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminin yaradılması haqqında mühüm fərman imzalandı. Bu il martın 28-də istifadəyə verilən “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə hazırda 2 milyon gənc haqqında məlumat daxildir. Lazım olan halda bu məlumatlar əsasında müvafiq araşdırmalar aparmaq mümkündür. Sistemin istifadəyə verilməsi həm də ali təhsil sistemində şəffaflıq yaradılması baxımından çox mühüm addımdır. Təsadüfi deyil ki, TQDK elə sistemin istifadəyə verildiyi ilk gün ali məktəblərə test yolu ilə daxil olmayan şəxslərin “qara siyahısı”nı açıqladı. TQDK sədri sistemin açılış mərasimində elan etdi ki, 1992-2011-ci illər arasında Azərbaycanda ali məktəblərə 1 milyon 978 min 226 nəfər imtahan verib. Onlardan 615582 nəfəri tələbə adını qazanıb. 22332 nəfər isə TQDK-nın “qara bazası”na düşüb. Belə ki, onlar imtahan verməsələr də, əllərində ali məktəblərin diplomları var.

Uğur 14: Rezidenturaya qəbul imtahanlarının keçirilməsi

2010-cu ildə Nazirlər Kabinetinin qərarı ilə rezidenturaya qəbul imtahanlarının keçirilməsi TQDK-ya həvalə olundu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda ilk dəfə olaraq ötən il sentyabrın 24-25-də 2011-2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanları keçirdi. Ötən müddət ərzində Komissiya Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə birgə rezidenturaya qəbul imtahanlarının müasirləşdirilməsi üzərində iş aparıb. Gələn tədris ilindən isə Azərbaycanda baza ali tibb təhsili səviyyəsində tibbi-biologiya və tibbi-profilaktika istiqamətləri üzrə rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişiklər ediləcək.

Uğur 15: Elektron hökumətin aktiv üzvü

TQDK-nı “E-hökumət” Dövlət Proqramının ən aktiv iştirakçılarından hesab etmək olar. Hazırda Komissiya qəbul imtahanlarına hazırlaşan gənclərə və orta məktəb şagirdlərinə çoxsaylı elektron xidmətlər göstərir. TQDK-nın saytında “Elektron xidmətlər” portalı fəaliyyətdədir. Komissiyanın bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər və layihələr elektronlaşıb. Orta məktəblərdəki buraxılış imtahanları, ali məktəblərə bakalavriat və magistratura pillələrində qəbul imtahanları, rezidenturaya qəbul, online sınaq imtahanları, virtual video mühazirələr, “Mənim məktəbim” layihəsi, ödəmə kartlarının elektron satışı, SMS Məlumatlandırma Xidməti, elektron imzadan istifadə....Bu il isə ilk dəfə olaraq orta məktəbin buraxılış sinif şagirdlərinə adi attestat və şəhadətnamələrlə yanaşı, elektron attestat və şəhadətnamələrin verilməsi də təmin olunub. Yaradılan baza dövlət sənədlərinin elektron dövriyyəsi sisteminə qoşulacaq.

Uğur 16: Açıq testlərin tətbiqi

Ali məktəblərə ötən ilki qəbul kampaniyasının əsas yeniliyi açıq formalı test nümunələrinin tətbiq olunması oldu. Qeyd edək ki, TQDK ilk dəfə olaraq iki il əvvəl magistratura imtahanlarında açıq testlərdən istifadə etmişdi. Ötən ilki qəbul imtahanlarında Azərbaycan və rus bölməsi üzrə bütün qruplarda riyaziyyat fənnindən 25 sualdan 5-i açıq tipli oldu. Bu il isə test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil edilib. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tiplidir. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə edilib. Açıq testlər abituriyentləri əzbərçilikdən, birtərəfli düşünmə meyllərindən yayındırır və məntiqi təfəkkürü inkişaf etdirməyə xidmət edir. Gələcəkdə bütün fənlər üzrə açıq test tapşırıqlarının tətbiq olunacağı gözlənilir. Bunun üçün açıq testlər üzrə test bankı formalaşdırılması istiqamətində işlər aparılır.

Uğur 17: Təhsil alanların attestasiyasının aparılması

TQDK sədri Məleykə Abbaszadə çıxışlarından birində TQDK-nın keçdiyi inkişaf yolunu şərti olaraq üç dövrə ayırıb: 1993-98-ci illər, 1999-2004-cü illər və 2005-2011-ci illər. Amma, məncə, 2012-ci ili TQDK-nın fəaliyyətində tamamilə yeni mərhələnin başlanğıcı saymaq olar. Bu il Azərbaycan prezidentinin 19 aprel tarixli fərmanı ilə TQDK haqqında Əsasnaməyə dəyişiklik edildi . Fərmana əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə edilib. Artıq TQDK sədri orta məktəblərdə qiymətləndirmə prosesinə ciddi müdaxilə ediləcəyinə dair xəbərdarlıq edib. TQDK sədri qeyd edib ki, buraxılış imtahanları ilə bağlı yekun qaydaların layihəsi Ədliyyə Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilib. Qaydalar təsdiq olunandan sonra açıqlanacaq: “Attestasiya bütün fənlərdən aparılacaq. Necə aparılacağı isə qaydalarla müəyyən ediləcək. Məsələn, bir fənnin attestasiyası 7-ci, digəri isə 8-ci sinifdə bitir. Bu attestasiyanı biz ya məktəblərdə mərkəzləşmiş şəkildə aparılmalıyıq, ya da verdiyimiz alqoritmlər əsasında məktəb bunu aparmalıdır. Bu qaydalar təsdiq olunandan sonra gələn ilin modelini müzakirə edib, ictimaiyyətə təqdim edəcəyik. TQDK bununla əlaqədar təhsil sahəsində işləyən mütəxəssisləri müzakirələrə qoşulmağa çağırır”.

Uğur 18: Mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi

Bu il ilk dəfə olaraq orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanları TQDK-nın təşkilatçılığı ilə keçirildi. Fərman imtahanlarının keçirilməsinə cəmi ay yarım qalmış verilsə də, təşkilati və testlərin hazırlanması baxımından TQDK imtahanların keçirilməsində hər hansı problem yaşamadı. Buraxılış imtahanları əvvəlki illərdən fərqli olaraq, 11 il ərzində orta məktəbdə tədris olunan əsas iki fənn – “Ana dili” və “Riyaziyyat” fənlərindən keçirildi. Respublikanın demək olar ki, bütün bölgələrində təşkil olunan mərkəzləşmiş buraxılış imtahanlarına nəzarətçi qismində region müəllimləri cəlb olundular.

Mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsinin TQDK-ya həvalə edilməsi bu quruma inamdan irəli gəlir, eyni zamanda bu, yaxın gələcəkdə qəbul imtahanları modelində də çox ciddi dəyişiklik etməyə imkan verəcək. Artıq TQDK sədri bildirib ki, yaxın illərdə Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərinin sayı azalacaq. Bir qədər əvvəl APA-ya verdiyi açıqlamada TQDK sədri qeyd edib ki, ilk əvvəl bu imtahanların məzmununu və çətinlik dərəcəsini yavaş-yavaş yaxınlaşdırmaq lazımdır: “İlk addım o ola bilər ki, qəbul imtahanlarının fənlərində azalma olsun. Ola bilsin ki, yaxın illərdə bir fənn azalsın. Ana dili və Riyaziyyat fənlərindən biri azala bilər. Ancaq buna vaxt lazımdır”.

Uğur 19: Dərsliklərin monitorinqi

Ölkə prezidentinin sərəncamı ilə orta məktəblərdə dərsliklərin monitorinqinin keçirilməsinin TQDK-ya həvalə edilməsini bu qurumun dərsliklərin təkmilləşdirilməsi və onlarda olan səhvlərin aradan qaldırılması istiqamətində fəaliyyətinin məntiqi yekunu da saymaq olar. Artıq dərsliklərin monitorinqi ilə əlaqədar artıq TQDK-da ayrıca bölmə yaradılıb. Yeni şöbənin işi sentyabr ayından başlayacaq. İlk əvvəl dərsliklərin monitorinqi qaydaları, hüquqi normativ baza hazırlanacaq. Monitorinq qaydaları yeni dərsliklərə, didaktik, metodik vəsaitlərə də aid olacaq. İndiyədək TQDK ancaq imtahan aparılan dərsliklərin monitorinqini keçirirdisə, indi bütün fənlər üzrə, o cümlədən I-IV siniflərin dərsliklərinin də monitorinqi aparılacaq. Komissiya həmçinin plagiat orta məktəb dərsliklərinə qarşı mübarizəni gücləndirəcəyini də bəyan edib.

Uğur 20: Şəffaflıq və ictimai inam

Bəlkə də indi kimlərəsə hansısa QHT-nin sürücülük vəsiqələrinin verilməsi imtahanlarını da TQDK-ya həvalə etmək təklifi qəribə görünə bilər. Amma bu, həm də bu qurumun cəmiyyətdə formalaşan imicindən xəbər verir... İctimai inamı qazanmaq üçün şəffaflıq əsas şərtdir.

Yazı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 20 illiyi ilə bağlı elan olunan müsabiqəyə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR