Bank Of Baku

Azərbaycanda III qrup İkinci Dünya Müharibəsi əlilləri ilə iştirakçıları eyni imtiyaza malik olacaqlar

Azərbaycanda III qrup İkinci Dünya Müharibəsi əlilləri ilə iştirakçıları eyni imtiyaza malik olacaqlar
# 13 sentyabr 2012 14:23 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. Komitənin sədri Hadi Rəcəbli bildirib ki, sənəd qanunvericilik təşəbbüsü subyekti - ölkə prezidenti tərəfindən parlamentə göndərilib. Onun sözlərinə görə, son illərə kimi mövcud qanunvericilikdə Böyük Vətən Müharibəsi əlilləri ilə bu müharibənin iştirakçıları qanunda ayrı-ayrı bölmələrdə verilirdilər: “Ancaq dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihəsində qeyd olunur ki, İkinci Dünya Müharibəsinin əlilləri ilə iştirakçıları eyni qrupda, eyni bölmədə birləşdirilsinlər. Daha doğrusu, III qrup İkinci Dünya Müharibəsi əlilləri ilə həmin müharibənin iştirakçısı olan, lakin əlil olmayan şəxslərin imtiyazları eyniləşdirilir. Bu günə kimi əgər onların pensiyalarının baza hissəsi 50 faiz nəzərdə tutulurdusa, bu dəyişiklikdən sonra həmin rəqəm 50-dən 90-a qaldırılacaq. Bunun özü də hesab edirəm ki, çox önəmli və əhəmiyyətli bir addımdır”.

Komitənin sədr müavini Musa Quliyev məlum dəyişiklikləri dəstəkləyərək qeyd edib ki, bu imtiyazlar Qarabağ müharibəsi veteranları üçün də tanınmalıdır: “Bu gün elə Qarabağ müharibəsi iştirakçısı və veteranı var ki, artıq pensiya yaşı həddinə gəlib çatıblar. Ona görə Böyük Vətən Müharibəsi iştirakçıları və veteranları üçün tanınan imtiyazlar pensiya yaşına çatmış Qarabağ müharibəsi iştirakçıları və veteranları üçün də nəzərdə tutulmalıdır. Yoxsa, bu, elə bəri başdan müəyyən söz-söhbətlərə və narazılıqlara gətirib çıxara bilər”.

Komitənin digər üzvü İlham Məmmədov da həmkarının mövqeyindən çıxış edib.

Deputatların fikirlərinə münasibətini bildirən H. Rəcəbli bildirib ki, əslində bu gün Qarabağ müharibəsi iştirakçıları və veteranlarının dəqiq təsnifatlaşdırılmasına ehtiyac var: “Bildiyiniz kimi, bu məsələ ilə bağlı müəyyən narahatçılıq doğuran məqamlar var. Yəni, elə adamlar olub ki, cəmi iki-üç günlüyünə Qarabağa, müharibə bölgəsinə ezam olunub, sonra onlara da veteran vəsiqəsi verilib, bu müharibədə iştirak edən, canını qoyan insanlara da. Bu baxımdan hesab edirəm ki, biz mütləq bu məsələnin - Qarabağ müharibəsi iştirakçısı və veteranlarının dəqiq təsnifatlaşdırılmasına nail olmalıyıq. Məhz bundan sonra Böyük Vətən Müharibəsi iştirakçıları üçün tanınan imtiyazlar pensiya yaşına çatmış Qarabağ müharibəsi iştirakçıları və veteranları üçün də tanına bilər və tanınmalıdır”.

Müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR