Bank Of Baku

Metropolitenin 7-ci və 8-ci mikrorayonlar arasında yeni stansiyanın inşası ilə əlaqədar burada məskunlaşan məcburi köçkünlər ərazidən zorla çıxarılır

Metropolitenin 7-ci və 8-ci mikrorayonlar arasında yeni stansiyanın inşası ilə əlaqədar burada məskunlaşan məcburi köçkünlər ərazidən zorla çıxarılır
# 23 iyul 2007 13:01 (UTC +04:00)
Bakı Metropoliteninin Binəqədi rayonu, 7-ci və 8-ci mikrorayonlar arasında yeni stansiyanın inşası ilə əlaqədar 1993-cü ildən burada məskunlaşan məcburi köçkünlər ərazidən çıxarılır. Buna etiraz edən məcburi köçkünlər isə Nazirlər Kabinetinin qarşısında aksiya keçirməyi planlaşdırırlar. APA-nın məlumatına görə, artıq 11 ailə Müşfiqabad qəsəbəsi yaxınlığında boş əraziyə köçürülüb, onların yaşaması üçün isə heç bir şərait yaradılmayıb. Xocavənd rayon sakini Ramiz Məmmədov APA-ya açıqlamasında bildirib ki, bir neçə gün öncə polisin və Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsinin Binəqədi rayon şöbəsinin əməkdaşlarının təzyiqi ilə Müşfiqabad qəsəbəsi yaxınlığındakı əraziyə köçürülüblər. Onlara maddi yardımın edilmədiyini deyən R. Məmmədov köçürüldükləri ərazidə yaşamaq üçün heç bir şəraitin olmadığını da söyləyib: “Bütün əşyalarımız Bakı Metropolitenə məxsus “KamAZ”lara doldurulub, bura gətirildi. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsinə və bu qurumun Binəqədi rayon şöbəsinin müdiri Əzizağa Məmmədova müraciət etsək də, 20 məcburi köçkün ailəsinin düşdüyü vəziyyət heç kimi maraqlandırmır. Belə davam etsə, dövlət qurumlarının qarşısında aksiya keçirmək məcburiyyətində qalacağıq”. Xocavənd rayon sakini Əbülfəz İbrahimov isə deyib ki, Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsinin əməkdaşları onların Binəqədi rayonunda məcburi köçkün kimi qeydiyyatda olmadıqlarını əsas gətirərək, , maddi yardım və ya evlə təmin etməkdən boyun qaçırırlar. Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsi Binəqədi rayon şöbəsinin müdiri Əzizağa Məmmədov isə APA-ya açıqlamasında ünvanlarına səslənən iradları qəbul etmədiklərini və həmin ailələrin hər biri üçün köçürüldükləri ərazidə 3 sot torpaq sahəsi ayrıldığını deyib: “Yaxın günlərdə onlar üçün elektrik xətti və su çəkiləcək. Əlavə maddi yardım edilməsi isə nəzərdə tutulmayıb. Səbəb onların məcburi köçkün kimi Binəqədi rayon ərazisində qeydiyyatda olmamalarıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR