Bank Of Baku

Yeni metro stansiyası tikiləcək ərazidə məskunlaşan məcburi köçkünlər hələ də yeni yaşayış yeri ilə təmin olunmayıblar

Yeni metro stansiyası tikiləcək ərazidə məskunlaşan məcburi köçkünlər hələ də yeni yaşayış yeri ilə təmin olunmayıblar
# 01 avqust 2007 15:07 (UTC +04:00)
Bakının Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarında yeni metro stansiyası
tikiləcək ərazidə məskunlaşan 6 məcburi köçkün ailəsi hələ də yaşayış yeri ilə təmin olunmayıblar. Bu barədə APA-ya həmin ərazidə məskunlaşan, Ağdam rayon sakini Ceyhun Səfərov bildirib. Onun sözlərinə görə, ötən həftə bir qrup məcburi köçkünlə birgə Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmək üçün onun qəbuluna yazılıblar. Ötən gün isə Ə. Həsənovun nümayəndəsi onlara zəng edərək, komitə sədrinin həmin ərazidə məskunlaşan məcburi köçkünləri qəbul edə bilməyəcəyini deyib və problemlərinin həlli üçün məcburi köçkün kimi qeydiyyatda olduqları Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmələrini tövsiyə edib. Bu gün isə həmin şəxs məcburi köçkünlərlə telefon vasitəsilə əlaqə saxlayaraq, onlara belə bir söz demədiyini bildirib. Metro stansiyasının tikinti meydançasının ərazisində məskunlaşan 6 məcburi köçkün ailəsinin çıxılmaz vəziyyətdə qaldığını deyən C. Səfərov dövlət başçısından kömək istədiklərini söyləyib: “Tikintini aparan qurumun işçiləri də bizə normal münasibət göstərmirlər. Müxtəlif bəhanələrlə buradan çıxmağımız üçün bizi sıxışdırırlar. Binəqədi rayon icra hakimiyyətdə isə bizim problemlərimizlə ciddi məşğul olan yoxdur. Bir neçə gün öncə buradan Müşfiqabad qəsəbəsinə köçürülən 11 məcburi köçkün ailəsi də boş ərazidə qalıblar. Əvvəlcədən söz verildiyi kimi onların nə işıq, nə su, nə də digər problemləri həll olunmayıb”. Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə APA-ya bildirib ki, həmin şəxslər məcburi köçkün kimi Binəqədi rayonunun ərazisində qeydiyyata alınıblar və onların məskunlaşmasını həmin rayonun icra hakimiyyəti həyata keçirməlidir. Binəqədi rayon İcra Hakimiyyətindən problemlə bağlı mövqe öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR