Bank Of Baku

“Gender probleminin həll olunmasında KİV-lərin və QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirilib

“Gender probleminin həll olunmasında KİV-lərin və QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 30 avqust 2007 11:31 (UTC +04:00)
Sülh və Müharibə Araşdırmaları İnstitutunun Azərbaycan ofisi “Gender probleminin həll olunmasında KİV-lərin və QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, təşkilatın sədri Şahin Rzayev mətbuatın gender problemlərini işıqlandırması və KİV-lə QHT-lərin bu sahədə əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hazırda dünyada insan hüquqları sahəsində gender bərabərliyi prioritet sahələrdən birini tutur. Azərbaycanın gender məsələsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan natiq şərq ölkələri içərisində məhz Azərbaycanda ilk dəfə qadınlara səs hüququnun verildiyini xatırladıb. Bununla bərabər o, Azərbaycan mətbuatında qadın hüquqlarının kifayət qədər işıqlandırılmadığını da deyib. Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova isə əvvəlki illərlə müqayisədə 2007-ci ildə ailələrdə qadın zorakılıqları və boşanmaların sayının iki dəfə artdığını söyləyib. Onun sözlərinə görə, əvvəlki illərdə boşanmaların səbəbi sosial vəziyyətlə əlaqəli olurdusa, 2007-ci ildə bunun səbəbi əsasən ailə zorakılıqları ilə əlaqəlidir: “Ailə zorakılıqları ilə bağlı qanunun qəbul olunmasına ehtiyac var. Çünki bəzən qadın zorakılıqla əlaqədar polis orqanlarına müraciət etdikdə ailə məsələsi olduğuna görə onun ərizəsi qəbul olunmur. Bu da sonradan ailələrdə qətllərin baş verməsinə gətirib çıxarır”. Dəyirmi masada iştirak edən digər şəxslər də mövzuya dair fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR