Bank Of Baku

“N” saylı hərbi hissənin yataqxanasında yaşayan 8 ailə mənzillərindən çıxarılır

“N” saylı hərbi hissənin yataqxanasında yaşayan 8 ailə mənzillərindən çıxarılır
# 28 sentyabr 2007 11:35 (UTC +04:00)
“N” saylı hərbi hissənin Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən yataqxanasında yaşayan 8 ailə yaşayış yeri ilə təmin olunmadan mənzillərindən çıxarılır. APA-nın məlumatına görə, bunu Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov bir qrup istefada olan hərbçi ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib. İstefada olan mayor Qalib Süleymanov deyib ki, yataqxana 1998-ci ildə Müdafiə Nazirliyinin sifarişi ilə tikilib, 2000-ci ildə isə onlar həmin yataqxanaya köçürülüb. Hərbi təyinatlı müəssisə olan hərbi hissənin Nazirlər Kabinetinin qərarı ilə söküldüyünü diqqətə çatdıran Q. Süleymanov zavodun Suraxanı rayonunda ayrılan əraziyə köçürüldüyünü söyləyib: “Yataqxana və hərbi hissənin yerləşdiyi ərazi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə verilib. Lakin burada yaşayanlar hərbçilərdir və biz Müdafiə Nazirliyi tərəfindən evlə təmin olunmalıyıq. Amma Müdafiə Nazirliyinin nümayəndəsi bizim təcili çıxmağımızı tələb edir. Bu, qanunsuzluqdur. Çünki biz həmin evlərdə qanuni məskunlaşmışıq və hərbçi olduğumuzdan Müdafiə Nazirliyi orada qeydiyyatı olan hər kəsi evlə təmin etməlidir”. Müdafiə Nazirliyinin nümayəndəsi, mayor İbrahim Rüstəmov isə deyilənlərin həqiqətə uyğun olmadığını və nazirlik tərəfindən həmin şəxslərə yaşayış sahəsi təklif edildiyini bildirib: “Müdafiə Nazirliyi Biləcəridəki “Ulduz” yataqxanasında onlara yaşayış yeri ayırsa da, bu ailələr ora köçmək istəməyib. Evlə təmin olunana qədər onlara kompensasiya ödənilməsi də nəzərdə tutulub. Başqa yerdə ev vermək üçün Müdafiə Nazirliyinin mənzil fondunda yer yoxdur”. Vəkili Yavər Hüseyn isə qanunların sakinlərin tərəfində olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaşadıqları yerdən çıxarılarkən sakinlərə verilən mənzil əvvəlinkindən aşağı səviyyədə olmamalıdır: “Kompensasiya isə reallıq nəzərə alınaraq ödənilməlidir. Başqa şəkildə onlar mənzillərindən çıxarıla bilməz. Bunun üçün məhkəmə qərarı olmalıdır”. Vəkil məsələ ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edildiyini və işin icraata götürüldüyünü qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR