Bank Of Baku

“Bələdiyyələrin fəaliyyətinin monitorinqi və məhəllə komitələrinin yaradılmasına hüquqi yardım” mövzusunda dəyirmi masa keçirilib

“Bələdiyyələrin fəaliyyətinin monitorinqi və məhəllə komitələrinin yaradılmasına hüquqi yardım” mövzusunda dəyirmi masa keçirilib
# 04 oktyabr 2007 11:42 (UTC +04:00)
Demokratik Seçkilərə Dəstək Mərkəzinin prezidenti Çingiz Dadaşov “Bələdiyyələrin fəaliyyətinin monitorinqi və məhəllə komitələrinin yaradılmasına hüquqi yardım” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, Ç. Dadaşov bildirib ki, layihənin keçirilməsində əsas məqsəd yerlərdə seçicilərin hüquqi cəhətdən maarifləndirilməsi, yerlərdə məhəllə komitələrinin yaradılması istiqamətində yardımın göstərilməsindən ibarətdir. Üç ay davam edəcək layihəyə əsasən 12 bələdiyyədə - Biləcəri, Binəqədi, Buzovna, Xətai, Xırdalan, Fatmayi, Goradil, Nəsimi, Nizami, Sumqayıt, Yasamal və Zabrat ərazilərində monitorinqin aparılması nəzərdə tutulub. Ç. Dadaşovun sözlərinə görə, ölkədə fəaliyyət göstərən 2757 bələdiyyənin 21800 nəfər üzvü var. Bu bələdiyyələrin əksəriyyətində isə məhəllə komitələri yaradılmayıb. Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu bələdiyyələrə dövlət tərəfindən diqqətsizlik nümayiş etdirildiyini söyləyib. O, icra qurumlarının bələdiyyələrin normal fəaliyyətinə maneçilik törətdiyini də qeyd edib. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə mövcud nöqsanlarda yalnız bələdiyyələrin ittiham olunması ilə razılaşmadığını deyib: “İcra hakimiyyətləri bələdiyyələri onlara aid olmayan işləri görməyə sövq edir. Bu baxımdan bələdiyyələrə himayədarlıq edilməli və onların normal fəaliyyət göstərməsi üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Bələdiyyələr sözün əsl mənasında yerli özünüidarəetmə qurumuna çevrilməlidir”. Mərkəzi Seçki Komissiyasının üzvü Oqtay Hümbətli məhəllə komitələri haqda məlumat verib: “Məhəllə komitələri bələdiyyələrdə qeydiyyatdan keçməklə 5-11 nəfərdən təşkil edilən ictimai qurumdur. Ayda bir dəfə toplantıları keçirilir, 6 aydan bir isə məhəllə sakinlərinə görülən işlərlə bağlı hesabat verilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR