Bank Of Baku

Bakıda 19 mindən çox avtomobilin “plyonkası” və rəngli şüşələri sökülüb

Bakıda 19 mindən çox avtomobilin “plyonkası” və rəngli şüşələri sökülüb
# 23 oktyabr 2007 12:12 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakıda yüzlərlə maşın saxlanılaraq, “plyonka”lar çıxarılıb. APA-nın yol polislərinin apardığı reydləri izləyən əməkdaşlarının məlumatına görə, bəzi sürücülər bunu özləri könüllü həyata keçiriblər. Saxlanılan maşınlar arasında dövlət ömrə nişanlıları da olub.
Bu günə qədər Bakıda 19 mindən çox maşında görünüşü məhdudlaşdıran vasitələr sökülüb. Bu barədə APA-ya məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, ““Yol hərəkəti haqqında” qanuna 1 saylı əlavənin 7-ci bəndinin 3-cü hissəsində “sürücünün görünüş diqqətini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti istiqamətini zədələmək təhlükəsi yaradan əlavə əşyalar və ya şüşələr, hər hansı formada örtüklər (pərdə və plyonka) nəqliyyat vasitəsinin istismarını qadağan edildiyi göstərilib. V. Əsədov onu da qeyd edib ki, bəzi vəzifəlilər özləri də qanunun bu maddəsini pozur, bəzən isə qanunu pozanlara himayədarlıq edirlər: “ Belə faktlar bundan sonra da aşkarlanarsa, sürücü və avtonəqliyyat vasitəsini sahibi barəsində məlumatlar KİV vasitəsilə ilə işıqlandırılacaq və aidiyyəti instansiyalara məlumat veriləcək”.
V. Əsədov yol polisi tərəfindən bu günə qədər aşkarlanmayan, gizlədilən, istismar olunmayan nəqliyyat vasitələrinin sahiblərini oktyabrın 25-dək polis müdaxiləsi olmadan tələbləri yerinə yetirməyə çağırıb: “Əks halda, onların barəsində daha ciddi tədbirlər görüləcək. Bununla bağlı yol polisinə tabe olmayanlar, polisin qanuni tələbini yerinə yetirməyənlər haqqında İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi tətbiq ediləcək, protokol tərtib olunacaq və sənədlər tədbir görülməsi üçün aidiyyəti üzrə məhkəmələrə göndəriləcək ”.
V. Əsədov qeyd edib kİ, Bakı Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin əməkdaşları avtonəqliyyat vasitələrinə pərdə və plyonka quraşdıran şəbəkəni də aşkar edib. Onun sözlərinə görə, quraşdırma ilə məşğul olanların barəsində İnzibati Xətalar Məcəlləsinin 224 və 242-ci maddələri tətbiq edilib və məsuliyyətə cəlb olunublar: “Bakı Şəhər Yol Polisi İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, yol hərəkəti qaydaları haqqında qanunlara hörmətlə yanaşılmalıdır. Əks halda, qanunları pozanlarla bağlı əməkdaşlarımız daha ciddi tədbirlər görülməsinə əl atmaq məcburiyyətində qalacaqlar”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev hökumətin 2007-ci ilin 9 ayı ilə bağlı nəticələrinə həsr olunmuş iclasında bəzi maşın sahiblərinin avtomobillərə qanunla qadağan olan örtüklər vurduqlarını deyərək, müvafiq orqanlara bunların yığışdırılması üçün bir həftə vaxt verdiyini bildirib. Prezident deyib ki, artıq həmin vaxtın bitməsinə 3 gün qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR