Bank Of Baku

Azərbaycanda Əmək Məcəlləsinə yeni əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanır

Azərbaycanda Əmək Məcəlləsinə yeni əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanır
# 24 oktyabr 2007 14:04 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayır.
Nazirliyin əməyin ödənilməsi sektorunun müdiri Əbülfət Məhərrəmov “APA-Economics”ə bildirib ki, ailə öhdəlikləri olan işçilərə bəzi imtiyazların verilməsi məqsədilə məcəlləyə “ailə öhdəlikləri olan işçi”, “ailə öhdəlikləri olan kişi və qadın” anlayışların daxil edilməsi təklif olunur. Bundan əlavə, işçi işə qəbul olunan zaman ondan ailə vəziyyətini əks etdirən məlumat - uşaqlarının sayı və yaşı haqqında sənədlər də tələb edilməsi məqsədəuyğun sayılır: “Hazırkı Əmək Məcəlləsinə görə, işçi işə götürülən zaman əmək kitabçası və digər sənədlər təqdim etsə də, ondan ailə öhdəliyi ilə bağlı məlumatlar istənilmir. Biz Əmək Məcəlləsində bu maddəni təkmilləşdirmək və bununla işçinin ailə öhdəliyinin hansı qaydada olduğunu işəgötürənin nəzərinə çatdırmaq istəyirik”.
Ə.Məhərrəmov bildirib ki, hazırkı Əmək Məcəlləsinə görə, hamilə və 3 yaşınadək olan uşağı olanlar işdən azad edilə bilməz. Yeni təkliflərdə isə nəzərdə tutulub ki, uşağı və ya ailə üzvü I qrup əlil olan işçilərin də işdən azad edilməsi qadağan edilsin. Bundan əlavə, natamam iş vaxtında və müvəqqəti işdə çalışanların məşğulluq şərtləri və sosial təminatı tam iş şəraitində və daimi işdə çalışanların məşğul şərtlərinə ekvivalent olsun. Mövcud qanunvericiliyə görə, işçi natamam iş vaxtında işləyərsə, işəgötürən onun əmək haqqını iş vaxtına mütənasib olaraq azalda bilər. Nazirlik isə təklif edir ki, belə işçilərə əmək haqqı tam iş şəraitində işləyən işçilər kimi müəyyən edilmiş məbləğdə verilsin. Müəyyən hallarda isə əmək haqqı əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib ödənilsin.
Nazirliyin digər təklifində sosial təminatını yaxşılaşdırmaq məqsədilə ailə öhdəliyi olan işçilər üçün pulsuz, yaxud işçilərin ödəmə qabiliyyətinə uyğun haqq alınan mərkəzlər təşkil edilsin. Belə işçilər uşaqlarını bu mərkəzlərdə tərbiyə edə bilərlər: “Bunlar bizim Sovet dövründən bildiyimiz uşaq bağçaları, körpələr evi kimi mərkəzlər olacaq. Belə mərkəzlər var, amma onların hamısı ailə öhdəliyi olan şəxslərin imkanına uyğun şəkildə fəaliyyət göstərmir. Əmək Məcəlləsinə belə əlavə etmək istəyirik ki, işəgötürən işçilərinə bu cür xidmət yaratsın”.
Ə.Məhərrəmov bildirib ki, təkliflərin yaxın bir ay ərzində Nazirlər Kabinetinə təqdim edilməsi, gələn ildən isə onların tətbiqi nəzərdə tutulur. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR