“Ötən il 9924 nəfər əlilliyi olan şəxsə və 18 yaşa qədər olan əlilliyi müəyyən olunmuş uşağa yardım göstərilib”.
APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyib.
Onun sözlərinə görə, həmin xidmətlər əsasında qeyd olunan şəxslər 67 254 sayda bu və ya digər digər reabilitasiya vasitələri ilə təmin olunublar:
“Bunların içərisində bir sıra yeni vasitələr var ki, ötən il əlilliyi olan şəxslərə təqdim olunmağa başlanılıb. Xüsusilə hidravik çarpayılar, qaldırıcı qurğular, ortopedik döşəklərin verilməsi mərkəzimiz üçün yenidir. Həmin vasitələrin artırılması bu il də davam edəcək. Əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri yüksək texnologiyalı protezlərin tətbiqi sahəsindədir. Layihəyə start verildikdən dekabr ayının sonuna qədər 392 nəfər xüsusi səbəbdən əlilliyi olan hərbçimiz, qazimiz 401 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. Yanvar ayında isə 13 nəfərə 14 ədəd yüksək texnologiyalə protez verilib".
Asif Məcidov bildirib ki, həm Vətən müharibəsi, həm müharibədən sonrakı dövrdə yaralanmış və ya əlilliyi olan şəxslər üçün protezləşmə davam edir: “Gələn həftədən aşağı ətraf protezləri ilə bağlı Almaniyanın Ottobu şirkətinin mütəxəssisləri ilə birgə seminarlar keçiriləcək. Bununla yanaşı, yuxarı ətraf protezlərinin istifadəsi daha çətindir. Bununla bağlı İslandiya şirkətinin mütəxəssisləri mütəmadi olaraq bizimlədirlər. Hazırda 2 nəfər bizim mərkəzdədir. Yaranmış problemləri həll edirlər və istifadə qaydalarını öyrədirlər. Protezin hazırlanması məhz mərkəzdə olmalıdır. Mərkəzin emalatxanasında il ərzində 1500-2000 protez hazırlayırıq. Hər bir insan üçün protez müxtəlif olur. Bu protezlərdə demək olar ki, təkrarlanma olmur. Təxminən 20 gün içində protez hazırlanır. Protez dövrünə hazırlaşma prosesi sırf insanın özündən asılıdır. Məsələn, müharibə dövründən sonra yaralanmış şəxslərin hazırlaşma dövrü 1-2 ay çəkdi”.
O, eyni zamanda qeyd edib ki, vətəndaşlar üçün səyyar xidmət mövcuddur:
"Bu səyyar xidmətlər il ərzində 2 dəfə ümumi rayonları gəzirlər. Reabilitasiya vasitələri əgər istifadə müddətindən əvvəl yararsız olursa, mərkəz onu ya təmir edir, ya da yenisi ilə dəyişdirilir. Bura bütün qurğular aiddir".
Aysel Şahmar