Baş Prokurorluğun yeni inzibati binasına mediatur təşkil edilib - FOTO

Baş Prokurorluğun yeni inzibati binasına mediatur təşkil edilib - FOTO
# 11 fevral 2021 10:16 (UTC +04:00)

Fevralın 11-də Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qurumun Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən yeni inzibati bina kompleksinə mediatur təşkil edilib.

APA-nın xəbərinə görə, mediaturda məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev mediatur zamanı çıxış edib. Baş prokuror yaradılmış şəraitə görə prezident İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, bu bina prokurorluq əməkdaşları üçün olduqca əhəmiyyətlidir.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qeyd edib ki, ölkə başçısı daim prokurorluq orqanlarının fəaliyyətinin inkişafına, prokurorluq əməkdaşlarının sosial vəziyyətinə diqqət yetirir: “Dövrün tələblərinə uyğun olaraq prokurorluqda yeni struktur və kadr islahatları aparılıb”.

Mediatura rəhbərlik edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, bina kompleksində 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya yaradılıb.

Bildirilib ki, burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artilleriya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür.

Qalereyada həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkilləri seyr etmək olar.

Qeyd olunub ki, qalereyada ölkə Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli 2404 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Prokurorluq orqanları işçilərinin adlı siyahısı yer alıb.

Qalereyada eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak etmiş prokurorluqda işləyən dövlət qulluqçuları və cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş əməkdaşlarının fotoları və onlar barədə məlumatlandırıcı lövhələr də öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR