Avropa İttifaqının maliyyələşdirdiyi “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsi çərçivəsində Azərbaycanın Aran bölgəsinin 4 rayonunda 83 hektar nar bağı salınıb.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov deyib.
Qeyd olunub ki, layihə ilə bağlı Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarında 100-dən çox icmadan 2120 kiçik nar istehsalçısı intensiv kənd təsərrüfatı təlimləri və sahə məsləhət xidmətləri nəticəsində məhsuldarlığın artırılmasına nail olub.
İşçilər bazarlara və xidmətlərə daha yaxşı çıxış imkanından faydalanıblar: "Göyçay, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının ərazisindən 83 hektar yeni nar bağları salınıb. 388 hektar sahədə təsərrüfatlarda zərərvericilərə qarşı bioloji mübarizə üsullarından uğurla istifadə olunub və bununla da kimyəvi üsullardan istifadənin həcmi azalıb. Həmçinin, Göyçay və Kürdəmir rayonlarında 65 yerli turist ailəsinə aqroturizm xidməti göstərə bilən 5 kiçik sahibkara aqroturizmdən alternativ gəlir əldə etmək imkanı yaradılıb. Gündəlik istehsal gücü minimum 500 ədəd pasterizə edilmiş 1 litrlik nar şirəsi butulkası istehsal edən emal müəssisəsi təşkil edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən emal müəssisəsinin qanuni fəaliyyət göstərməsi üçün rəsmi icazə sənədi alınıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTIS) vasitəsilə torpaqlarını qeydiyyata almaq və kənd təsərrüfatı subsidiyasını təmin edən fermer kartını almaq üçün 312 nəfər narçı fermer Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) ilə əlaqələndirilib".
V. Boykov qeyd edib ki, gələn il Aİ "İqlim dəyişmələrində müqavimət gücünün artırılması" ilə bağlı layihənin də icrasını düşünür: “Bu layihə Azərbaycanın bir rayonu ilə kifayətlənməyəcək. Ehtiyacı olan bütün rayonlarda bu layihədən istifadə ediləcək. İqlim dəyişmələri turizmə də təsir edir. Biz rayonlarda turizmin inkişafı üçün bir sıra layihələr icra edəcəyik".
Aysel Şahmar