World Scholar’s Cup beynəlxalq olimpiadasının növbəti turniri Bakıda, Avropa Azərbaycan Məktəbində təşkil edilib.
APA xəbər verir ki, World Scholar’s Cup hər il 15.000 tələbənin iştirakı ilə dünyanın 65-dən çox ölkəsində keçirilən komanda akademik proqramıdır.
Bakıda çoxsaylı məktəblərdən 1000-ə yaxın şagirdin iştirak etdiyi olimpiadada müxtəlif yaş qruplarından olan məktəblilər fərqli sahələr üzrə biliklərini sınayıblar.
İştirakçılar “Junior” və “Senior” qruplar olmaqla iki yaş kateqoriyası üzrə yarışıblar. Tədbir maraqlı səhnə performansları ilə seçilən açılış mərasimi ilə başlayıb. Ritmik musiqi və əyləncəli çıxış ilə açılış mərasiminə start verilib.
Ardınca iştirakçılar müxtəlif debatlarda öz fikir və düşüncələrini bölüşərək müzakirələr apardılar. Digər qrup isə “Collaborative Writing” çərçivəsində onlar üçün təyin edilmiş tapşırıqları yerinə yetiriblər.
Tədbirin ikinci günündə də şagirdlər debat və yazı fəaliyyətlərinə cəlb edilərək rəqibləri ilə yarışıblar. Daha sonra təşkil olunan kollektiv yarışda müxtəlif mövzular üzrə suallar təqdim olunub. Suallara düz cavab verən şagirdlər medal qazanmaq yolunda bir addım da irəliləmiş olublar.
“Scholars’ Show” müsabiqəsində yarışçılar komanda yoldaşları ilə birlikdə şənləndilər və olduqca əyləncəli vaxt keçiriblər.
Tədbirin yekununda iştirakçılar mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə qızıl, gümüş medal, kubok və “Xüsusi Mükafat” ilə təltif olunublar.
Avropa Azərbaycan Məktəbinin şagirdləri ümumilikdə 329 qızıl və 241 gümüş medal qazanıblar.