Avropa Azərbaycan Məktəbində beynəlxalq konfrans keçirilib - FOTO

Avropa Azərbaycan Məktəbində beynəlxalq konfrans keçirilib  - FOTO
# 12 aprel 2024 15:04 (UTC +04:00)

Bu gün Bakıda 3-cü Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı (Experieantal Learning Conference) keçirilib.

APA xəbər verir ki, tədbiri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin qarşısında duran əsas vəzifələrdən bəhs edən təqdimat ilə açıb.

O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir:

"Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün işlər davam etdirilir. Hədəf məktəb üzrə hər altı uşağa bir kompterin olmasıdır".

Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin baş direktoru Françesko Bankini bildirib ki, konfransın əsas məqsədi təhsil liderlərindən ən müasir yanaşmaları öyrənmək, təhsil sahəsində müzakirə aparmaq, yeni ideya və strategiyaları araşdırmaqdır.

O, həmçinin qeyd edib ki, bu konfrans təhsil ictimaiyyətini bir araya toplamaq üçün əla fürsətdir. Burada Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə və digər ölkələrdən nümayəndələr iştirak edir. Onun sözlərinə görə, konfrans çərçivəsində həm beynəlxalq, həm də yerli səviyyədə bilik və təcrübə mübadiləsi aparılacaq.

Beynəlxalq Bakalavr Təşkilatının (IB) baş direktoru Olli-Pekka Heinonen APA-ya açıqlamasında konfransın əhəmiyyətindən danışıb:

"Bu konfransın praktiki təşkilatçısı Beynəlxalq Bakalavr Təşkilatıdır. Tədbirdə kurikulumun təkmilləşdirilməsi, yeni təhsil yanaşmalarının inkişafı, yeni pedaqoji həllər, müəllimlərlə, direktorlarla bu məsələni müzakirə edəcəyik. Həmçinin konfrans onların bir-biri ilə təcrübə paylaşmasına və yeni məlumatlar öyrənməsinə şərait yaradacaq. Bundan başqa, konfransın yekunu olaraq yeni ideyalar və təhsil çağırışları formalaşacaq" - o bildirib.

Qeyd edək ki, xarici və yerli təhsil mütəxəssislərinin, direktor və müəllimlərin bir araya gəldiyi konfrans 3 gün davam edəcək və 60-dan çox seminarı əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR