Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib

Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
# 25 aprel 2024 15:08 (UTC +04:00)

Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib. İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və P.Siyarto arasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən Birgə Komissiyanın iclasında S.Babayev Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Ötən il Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra əməkdaşlıq sənədlərinin imzalanmasının bu əlaqələrin ən yüksək səviyyəyə qalxaraq daha da inkişaf etməsinə imkan yaratdığı bildirilib. Hökumətlərarası Birgə Komissiyanın da əməkdaşlıq əlaqələrinin getdikcə genişlənməsinə xidmət etdiyi qeyd olunub.

Ölkələrimiz arasında ticarət dövriyyəsində artım tempinin olduğu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 faiz artdığı bildirilib. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların, işgüzar görüşlərin, digər tədbirlərin əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb.

P.Siyarto ölkəsi ilə Azərbaycan arasında əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu, göstərilən qarşılıqlı səylər nəticəsində əməkdaşlıq gündəliyinin genişlənməkdə olduğunu bildirib.

İclasda daim genişlənən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkənin enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, ikitərəfli və tranzit yük axınlarının həcminin artırılması, qarşılıqlı investisiyaların təşviqi, habelə kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

S.Babayev və P.Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair Protokolu imzalayıblar.

Birgə Komissiyanın həmsədrləri brifinq keçirib, iclasın yekunlarına dair məlumat veriblər. Onlar imzaladıqları sənəddə gələcək əməkdaşlıq istiqamətlərinin əks olunduğunu və Azərbaycan-Macarıstan əlaqələrinin qarşıdakı dövrdə də genişlənməkdə davam edəcəyinə əminliklərini ifadə ediblər. Media nümayəndələrinin sualları da cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR