Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya bildirilib ki, bu ilin əvvəlində BŞİH və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.
Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.
Təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizdən bəhs edən video-çarx nümayiş etdirilib.
“Hər dəfə Azərbaycan tarixinə ekskurs edərkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri əvəzedilməzdir. Bu gün dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil edir və son 200 il ərzində ilk dəfə müsəlman ölkəsi öz torpağını azad etməyə nail olub. Bu da Azərbaycandır”, - təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və digər şəxslər çıxış ediblər.
Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.