Bakı metrosunda havalandırma sisteminin yenilənməsi müntəzəm aparılan prosesdir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, bildirib ki, bu il 6 yeni təbii havalandırma sisteminin tətbiqi başa çatdırılıb:
“Gələcək dövrdə də bu işlər mərhələli şəkildə aparılacaq. Əsasən istismar müddətini başa vurmuş ventilyatorlar yenisi ilə əvəzlənir. Əvəzlənərkən onların iki-üç dəfə daha güclü olmasına xüsusi diqqət yetirilir. Bakının bu günkü iqlim şəraiti, son illərin texnoloji yenilikləri, Bakı metrosu üçün alınan yeni qatarların kondisionerli olması və ayrılan istilik effektinin nəzərə alınması şəraitində Bakı metropoliteni ventilyatorların iş gücünü, həcmini xüsusi hesablayır. Bu proses davam edəcək. Bu günə qədər olan yeni ventilyatorlar, o cümlədən köhnə nəsil vintelayotların hamısı işlək vəziyyətdədir”.
B.Məmmədov qeyd edib ki, artıq metroda ventilyatorların iş rejiminin payız mövsümünün tələblərinə uyğun təşkil olunmasına başlanılıb:
“Lakin Bakıda payız mövsümü çox qarışıq keçir. Məsələn, hazırda demək olar ki, yay havasını yaşayırıq. Hər gün hava proqnozları, uyğun gündəlik tənzimləmə mexanizmləri həyata keçirilir”.