Bu gün Bakıda “Urmu gölünün harayı” adlı dəyirmi masa keçirilib.
APA xəbər verir ki, tədbirdə hazırda Fransada yaşayan cənubi azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli, Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi və yerli ekspertlər iştirak ediblər.
Güney Azərbaycanda baş verən ekoloji, etnik və mədəni diskriminasiyaya qarşı fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb.
Jalə Təbrizli çıxışında Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların sosial, iqtisadi problemlərindən danışıb, ondan hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib. Hüquq müdafiəçisi həmçinin Urmiya gölünün qurudulmasının azərbaycanlılara qarşı ayrı-seçkiliyin bariz nümunəsi olduğunu ifadə edib.
“Urmiya gölünün 95 faizi qəsdən qurudulub və bu səbəbdən ətraf kəndlərdə yaşayan 14 milyon insanın vəziyyəti ağırdır. Duzlaşma xəstəlik mənbəyidir və onların köçürülməsi artıq labüddür" - o bildirib.
Təbrizli nümayəndə İranda qadınların zülm gördüyünü, uşaqların ana dilində təhsil ala bilmədiyini də xüsusi qeyd edib. Maşallah Rəzmi isə çıxışında bildirib ki, İranda tariximizi təhrif edirlər.
“İranda məskunlaşan azərbaycanlıların problemlərini 4 qrupa ayırmaq olar. Bunlar mədəni, iqtisadi ayrıseçkilik, ekologiyanın pozulması və milli ayrı-seçkilikdir. Oradakı siyasət türk millətini yox olmağa doğru aparır” - deyə o qeyd edib.
Tədbir müzakirələrlə davam etdirilib.