Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu öz işinə başlayıb.
APA xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olacağı tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
Forum öncəsi azərbaycanlı alimlər Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar Fəxri Xiyabana gələrək görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar. Daha sonra soydaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.
Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
Sentyabrın 11-dək davam edəcək forum Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutub.