“Alyans üzvlərinin öz istifadəsində olan təyyarələri Ukraynaya verməsi NATO-nun bu müharibəyə müdaxiləsi demək deyil. Bunlar fərqli mövzulardır. Ötən ildən biz bəyan etmişik ki, NATO bu münaqişənin tərəfi deyil. Biz öz təyyarələrimizi, NATO təyyarəsini Ukrayna səmasına göndərməyəcəyik”.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
Yens Stoltenberq deyib ki, ancaq üzv ölkənin öz istifadəsində olan təyyarəni Ukraynaya göndərməsi isə başqa mövzudur: “Əgər NATO öz təyyarələrini göndərsəydi, bu, birbaşa müdaxilə olardı. Bu ikisi fərqli anlayışlardır”.
NATO Baş katibi qeyd edib ki, müharibə başladığı gündən bəri Ukraynanın hərbi ehtiyacları da dəyişir: “Müharibənin ilk günlərində tank əleyhinə yüngül silahlara, "Javelin"lərə ehtiyac vardı. Daha sonra artilleriya silahlarına ehtiyac yarandı. Havadan müdafiə sistemlərinə ehtiyac olduğu bildirildi. İndi isə daha ağır silahlara ehtiyac var. Təbii ki, bu ehtiyaclar barədə, hansı silahlar göndərə bilərik mövzusunda müzakirələr davamlı olur. Sabahda Brüsseldə bu mövzu müzakirə olunacaq. Ancaq ən vacib sürətli çatdırılma, silahların mümkün qədər tez Ukraynaya çatdırılmasıdır”.