Keçən il inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.
APA xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.
Qeyd edilib ki, daxil olan müraciətlərin 2.848-i Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinədir.
Ekspertizadan keçirilən 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Hüquqi ekspertiza nəticəsində normativ hüquqi aktların tələblərinə zidd olan 3.799 aktın "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna əsasən dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib, digər aktlar (460) isə baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.947 akt ləğv edilib, 1.399 akt dəyişdirilib, 315 təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 38 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4.576 müraciətdən 4.180-nə baxılıb.
Vurğulanıb ki, 124-ü aidiyyəti üzrə göndərilib, 272 müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 100 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib. Həmin təkliflər əsasında 97 akt ləğv edilmiş, 2 akt üzrə məhkəmədə iddia qaldırılmış, 1-i isə baxılmaqdadır.