Bərk məişət tullantılarının 19 faizindən çoxu enerji əldə edilməsi məqsədilə istifadə olunub

Bərk məişət tullantılarının 19 faizindən çoxu enerji əldə edilməsi məqsədilə istifadə olunub
# 15 aprel 2024 12:14 (UTC +04:00)

2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib və onların 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2023-cü ildə 232,9 min ton və ya əvvəlki illə müqayisədə 30,9 faiz az təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 5,7 faiz olub. Tullantıların 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR