Beynəlxalq Miqrant Gününə həsr olunan tədbir keçirilib - FOTO

Beynəlxalq Miqrant Gününə həsr olunan tədbir keçirilib  - FOTO
# 16 dekabr 2022 17:38 (UTC +04:00)

Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 18 dekabr - Beynəlxalq Miqrant Günü münasibətilə “Azərbaycanda Miqrantlar: Bərabərlik, Müxtəliflik və İnklüzivlik” mövzusuna həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti və əməkdaşları, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbər şəxsləri, eləcə də miqrantlar iştirak ediblər.

Qonaqlar öncə ölkəmizdə mədəni müxtəlifliyi tərənnüm etdirən mənşə ölkələrinin mədəni irs, məişət və kulinariya nümunələrindən ibarət sərgi, eləcə də “Azərbaycanda miqrasiya sizin obyektivdə” adlı foto müsabiqənin iştirakçılarının fərdi və fərqli baxış bucaqlarından çəkdikləri şəkillərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov yerli və beynəxalq tərəfdaşlarla birgə dövrümüzün əsas qlobal məsələlərindən biri olan miqrasiyanın müxtəlif aspektlərinə diqqətin yönəldilməsi məqsədilə hər il ənənəvi olaraq qeyd edilən Beynəlxalq Miqrant Gününün əhəmiyyətinə toxunub. Bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması, inteqrasiya yolu ilə cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi məsələləri hər zaman Azərbaycan dövlətinin diqqətindədir.

Xidmət rəisi müxtəlif dinlərin və xalqların nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı ölkəmizdə miqrasiyanın idarə edilməsi, miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahı, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Keçirilən tədbirin bərabərliyin, müxtəlifliyin və inklüzivliyin təşviqi ilə miqrantların cəmiyyətə səmərəli inteqrasiyasına, onların hüquqlarının müdafiəsinə diqqətin artırılmasına, eləcə də miqrasiya sahəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini cənab Zoltan Szalai, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya Regionunun rəhbəri cənab Radim Jak, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqyev çıxış edərək ölkəmizdə miqrantlara göstərilən xoş münasibət, onların hüquqlarının təmini vəziyyəti, yaşadıqları cəmiyyətlərə töhfələrinin artırılmasına yönəlmiş birgə layihələr barədə məlumat veriblər, bu istiqamətdə səmərəli və uzunmuddətli faydalı əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə ediblər.

Sonra Azərbaycanda uzun illər yaşayan bir miqrantın həyat hekayəsinin, ölkəmizlə bağlı düşüncələrinin ekranlaşdırıldığı “48: Azərbaycana sonsuz sevgi ilə” adlı qısametrajlı film nümayiş olunub.

Daha sonra Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirilən, münsiflər heyətində dünya şöhrətli fotoqraf Reza Deqatinin də təmsil olunduğu “Azərbaycanda miqrasiya sizin obyektivdə” adlı foto müsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbirin bədii hissəsində ölkəmizdə yaşayan, Azərbaycanın zəngin musiqi sənətindən ilhamlanan, onun bənzərsizliyini duyan, təbliğ edən əcnəbilərin ifaları dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR