Birinci Qarabağ müharbəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Quliyev Novruz Mahmud oğlunun Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhid Novruz Quliyevin nəşinin qalıqları Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı qəsəbəyə gətirilib. Şəhidlə vida mərasimi olub.
Nəşin qalıqları Bala Bəhmənli kənd məzarlığında dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Quliyev Novruz Mahmud oğlu 1964-cü ildə Füzuli rayonunun Çimən kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb.
Novruz Quliyevin nəşinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.