Bu il daha 25-30 min müəllim üçün sertifikatlaşdırılma prosesi keçiriləcək

Bu il daha 25-30 min müəllim üçün sertifikatlaşdırılma prosesi keçiriləcək
# 29 fevral 2024 15:42 (UTC +04:00)

“2024-cü ildə əlavə olaraq, 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi keçiriləcək”.

APA xəbər verir ki, bunu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.

Emin Əmrullayev əlavə edib ki, bugünədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.

2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqqılarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Nazir, həmçinin bildirib ki, hazırda İT və mühəndislik ixtisaslarına daha çox artım var. Humanitar istiqamətə isə daha az tələb var:

“Məsələn, beynəlxalq əlaqələr ixtisasına 20 il əvvəl ən yüksək bal ilə qəbul var idi, amma indi tələbat azalıb. Hansısa ixtisasın bağlanması yox, hansısa universitetdə müəyyən ixtisasın bağlanması ola bilər. Bunu da yalnız proqram akkreditasiyası keçirdikdən sonra edə bilərik. Bu il ilk dəfə müəllimlik ixtisası üzrə proqram akkreditasiyası keçirəcəyik. Hansısa ali təhsil müəssisəsində proqramın müvafiq tələblərə cavab vermədiyini müəyyən etsək, təbii ki, o proqramlar bağlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR