Bu il 40-dan çox dövlət qurumunun 400-dən çox xidməti qiymətləndirilib.
APA xəbər verir ki, bunu “ASAN xidmət indeksi” tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, xidmətlərin optimallaşdırılması, vətəndaşlar üçün daha əlçtan olmasında indeksləşdirmənin rolu var.
"Bu ilin göstəriciləri də ürəkaçandır. Əldə olunan nəticələrin qorunub saxlanılmasında qurumlara uğurlar arzulayıram. Qeyd edim ki, xidmətlər təkmilləşdirildiyi kimi qiymətləndirmənin də təkmilləşdirilməsi üzərində işlər aparılır", - o qeyd edib.
Tədbirdə indeksləşdirmənin nəticələri açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə növbəti dəfə ən yüksək nəticə göstərərək dövlət qurumları arasında 1-ci olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışı zamanı indeksləşdirmə ilə bağlı aparılan işlərə görə "ASAN xidmət"i, daha sonra isə yüksək nəticə göstərdiyi üçün nazirliyin əməkdaşlarını təbrik edib. O bildirib ki, bu uğur əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin apardığı siyasətin bir parçasıdır:
"Dövlət başçısı da çıxışlarında hər zaman bildirir ki, Azərbaycan vətəndaşının sosial rifahı öndə durur. Dövlət başçısı inauqurasiya tədbirində də əhalinin sosial rifahının növbəti illərdə də diqqət mərkəzində olacağını vurğuladı".
Qeyd edək ki, mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları arasında Pirallahı Rayon İcra Hakimiyyəti, hüquqi şəxslər arasında isə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti göstərib.