Keçən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4487 müraciətdən 4102-nə baxılıb.
APA xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.
Qeyd edilib ki, onlardan 134-ü aidiyyəti üzrə göndərilib, 251 müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 175 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında 167 akt ləğv edilib, 4 akt dəyişdirilib, 2 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 2 təklif isə baxılmaqdadır.
2023-cü ildə ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3856 aktdan 2405-i ləğv edilib, 1098-i dəyişdirilib.
Qeyd edilib ki, 37 təmin olunmamış təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 316 təklif isə baxılmaqdadır.