""Dərman vasitələri haqqında" qanununa təklif olunmuş dəyişikliklər dərman vasitələrinin idxalını asanlaşdıracaq, dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayının azaldılması və sadələşdirilməsi dərman bazarının inkişafına müsbət təsir göstərəcək. Bu da topdansatış əczaçılıq müəssisələrin, o cümlədən idxalçıların sayının artmasına yol açacaq, dərman çatışmazlığının və müəyyən olunmuş tənzimlənən qiymətlərdən daha baha qiymətə satılma hallarının qarşısı alacaq”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Azər Badamov bildirib.
Deputat deyib ki, qanuna edilən dəyişikliklər dərman bazarında rəqabət mühitinin yaranmasına və qiymətlərdə müəyyən tənzimləmələrin aparılmasına imkan verəcək: “Bu gün insanları çox narahat edən məsələlərdən biri dərmanların baha olması ilə bağlıdır. Müzakirəyə çıxarılmış qanun layihəsindəki dəyişikliklər inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır”.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva keyfiyyətsiz dərmanlar məsələsinə toxunub: “Bu qədər keyfiyyətsiz dərman ölkəyə necə gəlib çıxıb? Aydınlıq gətirilsin ki, bizdə olan dərmanlarla Türkiyə bazarında olan dərmanlar arasında qiymət fərqi niyə yaranır? Reseptlərdə ən çox bioloji aktiv qida əlavələri yazılır. Bunun qiyməti də dərmandan qat-qat bahadır. Bioloji qida əlavələrinin reseptlərdə yazılması narazılıq yaradır. İkincisi, ölkədə antibiotiklərdən necə gəldi istifadə halları var. Dünyanın hansı inkişaf etmiş ölkəsində belə təcrübə var ki, aptekdən antibiotik reseptsiz verilsin? Yoxdur! Bu məsələ neçə dəfə qaldırılıb, amma görürük ki, nəticəsiz qalır. İldə iki dəfə xaricə çıxan insan gələndə özünə və yaxınlarına dərman gətirirsə, onlar da incidilməməlidir. Bu insanlar dərmanları qiymətə və keyfiyyətə görə gətirirlər”.
Deputat Razi Nurullayev deyib ki, vətəndaşlar tərəfindən ölkəyə gətirilən dərman vasitələrinin müsadirə edilməsi, onların incidilməsi halları var: “Telefonları başa düşmək olar ki, kimlərsə ayfon üzərindən qeyri-leqal biznes qurub. Öz xəstələrinə dərman gətirənlərə isə gərək şərait yaradılsın. Kimsə 6 aylıq, bir illik dərman alırsa, bu da şübhə doğurur və vətəndaş ciddi şəkildə incidilir. Gömrük işçiləri tərəfindən dərman vasitələrinin müsadirəsi və yoxlanılması yəqin ki, Gömrük Məcəlləsinə əsasən edilir və buna görə mən onları da qınamaqdan uzağam. Bu maddənin yaratdığı məhdudiyyətləri nəzərə alaraq, düşünürəm ki, Nazirlər Kabineti şəxsi istifadə üçün xaricdən dərman vasitələrinin gətirilməsini tənzimləyən bir təlimat hazırlaya, yaxud qərarla qaydalar müəyyənləşdirə bilər. Bu qaydalara uyğun da vətəndaşlar sənədləri özləri ilə götürə və gömrük işçilərinə təqdim edə bilərlər ki, bu da məsələni kökündən həll etmiş olar”.