Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ən yüksək humanitar prioritetlərdən biri olaraq qalır. Biz beynəlxalq təcrübədən, müasir texnologiyalardan və ən yaxşı təcrübələrdən istifadə etmək öhdəliyindəyik.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov deyib.
O bildirib ki, Dövlət Komissiyası axtarış əməliyyatlarını daha sürətli, effektiv və dəqiq həyata keçirməyə imkan verən qabaqcıl texnologiyalara və məlumat bazalarına investisiya qoymaqda davam edir.
“Gələn il xüsusi yeraltı radarla müşahidə sistemlərinin alınması planlaşdırılır. Bu tip sistemlər artıq bir neçə Skandinaviya ölkəsində uğurla sınaqdan keçirilib. Onlar insan qalıqları da daxil olmaqla böyük yeraltı obyektləri aşkar etməyə imkan verir. Həmçinin yeni nəsil pilotsuz uçuş aparatlarının tətbiqi planlaşdırılır. Bu sistemlər uzun müddət havada qala bilir. Onlar mümkün axtarış sahələrini və maraq doğuran əraziləri müəyyən etməyə kömək edən qabaqcıl skanerlər və sensorlarla təchiz olunacaq. Digər mühüm üstünlük onların xəritələndirmə imkanlarıdır. Onlar bir gün ərzində 45 kvadrat kilometrdən artıq ərazinin xəritəsini hazırlaya bilər. İnanırıq ki, müasir texnologiyalar gələcək humanitar axtarış əməliyyatlarının mühüm hissəsinə çevriləcək. Onlar mütəxəssislərimizin təcrübəsini və peşəkarlığını tamamlayacaq, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində daha yaxşı nəticələr əldə etməyimizə kömək edəcək”, - Qəzənfər Əhmədov qeyd edib.