Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşlarından və onun şanlı peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, mərhum general-leytenant Ziya Yusif-zadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
DTX-dan APA-ya verilən xəbərə görə, akademiyanın akt zalında keçirilən tədbirdə təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın əməkdaşları, kursantlar və Ziya Yusif-zadənin ailə üzvləri iştirak ediblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, general-leytenant Ziya Yusif-zadənin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
Tədbirdə çıxış edənlər ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş Ziya Yusif-zadənin keçdiyi xidmət yoluna nəzər salıb, Akademiyanın yaradıldığı ilk illərdə tədrisin təşkili, professor-müəllim heyətinin formalaşdırılması, təhsil səviyyəsinin davamlı yüksəldilməsi və bunun üçün lazımi infrastrukturun yaradılması istiqamətində gördüyü işləri, Akademiyanın onun rəhbərliyi altında qazandığı uğurlu təcrübəyə və müsbət ənənələrə söykənərək ölkənin təhsil sahəsində özünün layiqli yerini tutduğunu qeyd ediblər.
Ziya Yusif-zadənin xatirəsinə göstərilən ehtirama görə onun ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə minnətdarlıq ifadə olunub.
Daha sonra tədbirdə general-leytenant Ziya Yusif-zadənin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.