“Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
DTX rəisi bildirib ki, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir: “Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayət izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır.
Bu nəticələr Prezident İlham Əliyevin xüsusi diqqəti, dövlət səviyyəsində aparılan sistemli iş və mütəxəssislərimizin əməyi sayəsində mümkün olub. Hər bir eyniləşdirmə bir ailənin illərlə cavabsız qalmış sualına cavabdır. Ailələrlə həssas ünsiyyət, onların müntəzəm məlumatlandırılması və dəstəklənməsi işimizin ayrılmaz hissəsidir".