Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdamda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarının icrası ilə bağlı media-tur təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, media nümayəndələrinə bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir.
Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Hazırda qurum tərəfindən Ağdam rayonu ərazisində işlər intensiz şəkildə davam etdirilir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı kənardan idarə edilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.
Media nümayəndələri FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının Ağdamda minalı ərazilərdə apardığı minatəmizləmə işləri ilə tanış olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Şöbəsinin rəisi Ələkbər Ələkbərov jurnalistlərə açqlamasında bildirib ki, təmizləmə işləri keçmiş qoşunların təmas xəttinin yaxınlığında aparılır:
"İşğaldan azad edilən ərazilərdə aparılan geniş miqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, minatəmizləmə fəaliyyəti də sürətlə davam etdirilməkdədir. Bu prosesdə digər dövlət orqanları ilə yanaşı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının da qüvvə və vasitələri fəal şəkildə iştirak edir. Tapşırıqların icrasına cəlb edilən şəxsi heyət beynəlxalq səviyyəli təlimlərdə edərək müvafiq qaydada sertifikatla təmin ediliblər. Şəxsi heyət son müasir avadanlıqlarla təchiz olunduqdan sonra, təmizləmə sahəsinə buraxılır. Avadanlıqlar mütəmadi olaraq yeni nəsil avadanlıqlarla əvəzlənir. Xidmətimizə 4 ədəd GCS 200 mexaniki minatəmizləmə vasitəsi də verilib. Bu mexaniki minatəmizləmə vasitələri, minatəmizləmə işlərinin sürətləndirilməsində və ən başlıca təhlükəsizlik qaydalarının daha da təkmilləşməsində böyük rol oynayır. Minatəmizləmə tapşırıqlarının icrası zamanı ən böyük köməklərin biri də minaaxtaran itlərdən istifadədir".
Ə. Ələkbərov onu da qeyd edib ki, azad olunan ərazilərə səfər edənlər mina təhlükəsi ilə bağlı icazə olmayan və marşrutdan kənar ərazilərdə hərəkət etməməlidir.