Fövqəladə Hallar Nazirliyinin elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib.
Bu barədə APA-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib,
Bildirilib ki, ölkəmizdə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurğularının sayı da durmadan artır:
"Lakin nəzərə alınmalıdır ki, elektrik doldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsi yanğın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlaka zərər dəyməsinə səbəb ola bilər.
Belə ki, bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yanğınların baş verməsinə və ağır fəsadlara gətirib çıxara bilər. Xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan kortəbii şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadə edilməsi, kabellərin düzgün çəkilməməsi, eləcə də yanğın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yanğın riskini əhəmiyyətli dərəcədə artırır.
Habelə, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnmiş kabel və avadanlıqlardan istifadə olunması, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yanğın təhlükəsini yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi elektrik doldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki, elektrik doldurma qurğuları mütləq olaraq “Elektrik qurğularının quraşdırılması Qaydaları”na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilən texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır.
Xüsusilə nəzərə alınmalıdır ki, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrik doldurma qurğusundan istifadə təhlükəlidir. Həmçinin, izolyasiyası pozulmuş, ucları açıq cərəyankeçiriciləri olan kabellərdən istifadə etmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"