FHN Şirvanda yanğın-taktiki təlimi keçirib - FOTO

FHN Şirvanda yanğın-taktiki təlimi keçirib - FOTO
# 18 aprel 2024 12:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat İdarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yanğın-taktiki təlim keçirilib.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndələri təlimdə iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin “Təbii və texnogen xarakterli fövqəladə hallar zamanı yanğınların söndürülməsi, xilasetmə və digər təxirə salınmaz işlərin təşkili” mövzusunda idarəetmə bacarığının daha da təkmilləşdirilməsidir. Bundan əlavə, yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin təşkili, əməkdaşların bilik və bacarıqların artırılması, həmçinin ölkə ərazisində keçiriləcək irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkili də təlimin əsas məqsədlərindən olub.

Təlim zamanı Xəzər dənizində şərti olaraq baş vermiş zəlzələ nəticəsində müəssisə ərazisində texnoloji proseslərin pozulması səbəbindən “yaranmış” yanğın və qəzaların nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri və Muğan Regional Mərkəzinin qüvvə və vasitələri “hadisə yerinə” cəlb olunub. Toplanmış kəşfiyyat məlumatlarının ardında Əməliyyat qərargahının müvafiq tapşırığına uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər. Təlimə ümumilikdə FHN-in 16 texnikası və 115 nəfər şəxsi heyəti, müəssisənin isə 8 texnikası və 45 əməkdaşı cəlb olunub.

Təlimin yekununda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR