Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi növbəti humanitar yardımı qardaş ölkəyə göndərib.
APA-nın yerli bürosunun məlumatına görə, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə qardaş ölkəyə yolanıb. Humanitar yardımlar 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə yola salınıb.
FHN-in polkovniki Şəmsəddin Əmrahov APA-ya bildirib ki, yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir. Avtomobil karvanı yol şəraitinə uyğun hərkət edir.