Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
F. Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb: “Çoxsaylı innovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir. Texnoloji inkişaf, süni intellektin artırılması ilə bağlı işlər görülür. Müasir dövrdə elmi tərəqqi dövrü yeniliklər təqdim edir. Sürətli proqressiv inkişaf öz-özlüyündə bir çağırışdır. 2020-ci ildə koronavirusla mübarizə çərçivəsində karantin rejimi tətbiq edildi. Sənədlərin elektron formatda təqdim edilməsi, online qaydada, elektron formatda tətbiq olunması ilkin addımlar idi. Həmin dövr üçün ən zəruri institutların fəaliyyətinin elektron qaydada həyata keçirilməsi təmin edilib. Hesab edirəm ki, bu mənada keçirilən konfransın xüsusi əhəmiyyəti var".
Fuad Ələsgərov onu da deyib ki, kibercinayətkarlığın bütün növlərinin qarşısının alınması üçün xüsusi hüquqi baza hazırlanıb: "Kibercinayətkarlıq haqqında konvensiyanın birinci fəsli qanunvericiliyə əlavə edilsə də, ikinci fəsli hələ də işlənir. Real vaxt rejimində bir sıra cinayət təqibi, eləcə də digər qaydaların qanunvericilikdə təsbit edilməsi bu istiqamətdə işləri daha da asanlaşdıracaq".