Yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.
***
07:02
Bu gün Füzuli şəhərinə 30 ailə (106 nəfər) yola salınıb.
APA xəbər verir ki, bunlardan:
Bakı şəhərindən – 17 ailə (56 nəfər);
Abşeron rayonundan – 4 ailə (18 nəfər);
Sumqayıt şəhərindən – 4 ailə (15 nəfər);
Füzuli rayonundan – 4 ailə (14 nəfər);
Beyləqan rayonundan – 1 ailə (3 nəfər).
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə (89 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə (17 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Beləliklə, 22.01.2024-cü il tarixindəki köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 440 ailə (1625 nəfər) köçürülüb.
***
06.30
Füzuli şəhərinə növbəti köç karvanı yola düşür.
APA xəbər verir ki, bu gün daha 30 ailə (106 nəfər) Füzuli şəhərinə köçürülür.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə 440 ailənin (1625 nəfər) köçürülməsi təmin olunacaq.
Ləman Salehli