Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilir.
İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Gəncə İH-nin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Büyükfırat, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüb, həlak olanların ruhuna dualar oxuyublar.
Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb. Şəhər rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Qeyd edilib ki, ziyarət gün ərzində davam edəcək. Bununla yanaşı, qardaş Türk xalqına dəstək ifadə etmək naminə Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasına Türkiyə və Azərbaycan bayraqları asılıb.