Gəncə Şəhər İcra Hakimiyyəti “Qardaş köməyi” platforması adı altında Türkiyədə zəlzələ bölgəsindəki zərərçəkmişlərə yardım göndərib.
APA xəbər verir ki, dəyəri 150 min manatlıq 20 ton yardım paketi qardaş ölkəyə yola salınıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bildirib ki, yardım paketinin 16 tonunu quru qida, 4 tonunu isə uşaq bezləri və gigiyenik vasitələr təşkil edir.
Qeyd edək ki, Gəncə İcra hakimiyyətinin təşəbbüsü ilə ötən gün də 150 ton yardım göndərilib.
Yolasalma mərasimində iştirak edən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat dəstək üçün Gəncə Şəhər İcra Hakimiyyətinə və bütün gəncəlilərə təşəkkür edib: “Türkiyədə zəlzələ baş verdiyi ilk saatlardan etibarən bütün Azərbaycan xalqı səfərbər oldu və ilk yardıma yetişən də Azərbaycan oldu. Bu gün də davamlı olaraq zəlzələdən zərər görmüş şəxslərə yardımlar göndərilir. Bir daha Azərbaycan dövlətinə və bütün Azərbaycan xalqına təşəkkür edirik”, – deyə Hüseyn Böyükfırat əlavə edib.