Bank Of Baku

Gənclər arasında yayılmış "fast food" asılılığı və sağlam qidalanma çətinliyi - ARAŞDIRMA

Gənclər arasında yayılmış "fast food" asılılığı və sağlam qidalanma çətinliyi - ARAŞDIRMA
# 13 fevral 2026 17:32 (UTC +04:00)

Son dövrlər gənclər arasında "fast food" istifadəsi nəzərəçarpacaq dərəcədə artıb. Asanlıqla əldə olunması, ucuzluğu və qısa vaxtda hazırlanması bu qidaları gənclərin gündəlik seçimlərinə çevirir. Nəticədə, sağlam qidalanma vərdişlərinin qorunması getdikcə çətinləşir. "Fast food" məhsulları adətən yüksək yağ, duz və şəkər miqdarı ilə seçilir. Tərkibindəki əlavə qatqılar və konservantlar gənclərin sağlamlığı üçün risk yaradır. Bu cür qidaların tez-tez qəbul edilməsi artıq çəki, enerji azalması və həzm problemləri, qidalanma pozuntuları və nəticəsində psixoloji problemlərə qədər gətirib çıxara bilir.

Məsələ ilə bağlı dietoloq Leyla Zülfüqarlı APA-ya açıqlamasında bildirib ki, "fast food"lara meyillilik olduqca xoşagəlməz haldır:

"Bu ilk növbədə beyindəki koqnitiv funksiyanı zəiflədir ki, bu da gənclərdə yaddaş və diqqət pozuntuları, zehni qabiliyyətin zəifliyi kimi problemlər yaratmaqla yanaşı gələcəkdə onların faydalı iş əmsalının aşağı düşməsinə səbəb olur. Və bunun səbəbi xüsusilə "fast food" və energetik içkilərdir. Çox təəssüf ki, bunların hamısının istifadə edilməsi yaranan problemi daha da dərinləşdirir. Bu problemin qarşısını almaq üçün birmənalı olaraq proqramlara ehtiyac var. Çünki keçdiyimiz on illə müqayisədə gənclərin qidalanma vərdişləri daha pisə doğru dəyişib. Artıq Azərbaycan gənclərinin genotipi də bu problem səbəbindən dəyişimə məruz qalıb. Gənclərin tez-tez "fast food"a yönəlmə səbəbi isə dopamin məmnuniyyətsizliyidir. Stress o qədər çoxdur ki, bu zaman insanlar nədənsə zövq almağa ehtiyac duyurlar. Bu isə onları daha dadlı olduğunu və sürətlli hazırlandığını düşündükləri "fast food"a yönləndirir. Eyni zamanda bu cür qidaların gənclərin büdcələrinə daha uyğun olması da onları bu qidalara yönləndirən səbəblərdən biridir. Düşünürəm ki, real qida bazarında qiymətlərdə münasib düzəliş edilməsi bu yöndə atılacaq vacib addımlardan biri ola bilər. Lakin bu məsələnin həll yolunda ən əsas məqam maariflənmədir. Universitetlərdə, məktəblərdə xüsusilə maarifləndirici görüşlərin keçirilməsi çox vacibdir".

Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, insanın qidaya olan maraqları emosional aclığın içərisində olarkən yaşam tərzi, geyinməsi eləcə də qidalanma tərzi dəyişimə uğrayır:

"Məşhur fast food zəncirləri olan restoranlar əsasən qırmızı, sarı, narıncı rənglərdən istifadə edirlər və bu təsadüfi deyil. Hətta mətbəxlərin tamamilə qırmızı rənglə dizayn edilməsi insanda bulimiya xəstəliyinə qədər gətirib çıxara bilər. Bu rənglər insan beyninin yarımkürəsində doyma siqnalının 80%-ə qədər işləməməsinə səbəb olur. Və qalan 20% ilə insan qidalanmasına nəzarət edə bilmir. Nəticədə isə bu hal həddən artıq çəkiyə və onun bərabərində gətirdiyi problemlərə səbəb olur. "Fast food" satılan yerlər isə rənglərdən beləcə marketing hiyləsi kimi istifadə edir, bu rəngləri görən insanın iştahı açılır və bu da istəmsiz olaraq "fast food" istehlakını artırır. Nəticədə, məsləhətim budur ki yeməyi yox, əvvəla özünüzü sevin. Özünüzü sevsəniz, yeməyinizi də sağlamlığınıza uyğun olacaq şəkildə seçəcəksiniz".

Laləzar Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR