Ombudsman həbsə alternativ qətimkan tədbirlərinin seçilməsini təklif edir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və bir qayda olaraq, həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur. Təhlillər göstərir ki, il ərzində barəsində həbs qətimkan tədbiri seçilmiş 100-dən çox şəxs sonradan məhkəmənin qərarı ilə bəraət alır. Bəzi illərdə 200-dək təqsirləndirilən şəxsin bəraət almasına baxmayaraq, cinayət prosesi gedişində həmin şəxslər barəsində həbs qətimkan tədbiri nəinki tətbiq edilmiş, bir sıra hallarda həm də uzadılıb. Qeyd edilənlər, eyni zamanda Ombudsmana ünvanlanmış ərizələrin təhlili, istintaq təcridxanalarında həyata keçirilən başçəkmələrin nəticələri nəzərə alınaraq, həbsə alternativ qətimkan tədbirlərinin seçilməsinin əhəmiyyəti bir daha diqqətə çatdırılır. Bu baxımdan, həbslə bağlı olmayan qətimkan tədbirlərinin daha çox tətbiqi, habelə cəza müəyyən edilərkən azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verilməsi istiqamətində tədbirlərin genişləndirilməsi zəruridir.
Məruzədə o da qeyd edilib ki, statistik məlumata əsasən, “cinayət törətmiş, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər”in sayı getdikcə artmaqdadır. Bu rəqəm 2020-ci ildə 2.859, 2021-ci ildə 4.374 olmuş, 2022-ci ildə isə 5.127 nəfərədək artıb. Odur ki, aidiyyəti dövlət qurumları tərəfindən təhlillər aparılmalı, eyni şəxsin təkrar cinayət törətməsinə gətirib çıxaran səbəb və şərtlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məhkəmələr tərəfindən təyin olunan cəzanın qarşısına qoyulan vəzifələrin təmini məqsədilə cəza icra orqanları tərəfindən həyata keçirilən tədbirlər təhlil edilməli, onların effektivliyi məsələsi qiymətləndirilməlidir.