Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Əhmədov Rauf Əjdər oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün şəhid hərbçi ilə anadan olduğu Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Goranboy rayonunun Sarov kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Goranboy rayonun İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Mərasimdə hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Əhmədov Rauf Əjdər oğlu 1969-cu ildə Goranboy rayonun Sarov kəndində doğulub. 1993-cü ildə Ağdərə rayonu ərazisində, Sərsəng Su anabarı yaxınlığında itkin düşüb. Uzun illər itkin hesab olunan şəhidin kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən edilib və nəşinin qalıqları ailəsinə təhvil verilib.