Lənkəran şəhərində kanalizasiya şəbəkəsinin yenidənqurma işlərinin aparılması və çirkab sutəmizləyici qurğunun yaxın zamanda inşa edilməsi nəzərdə tutulub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Lənkəran şəhərində dənizdə çimməyin qadağan edilməsi, dəniz suyunda virus və digər xəstəlik törədicilərin yayılması, həmçinin Göyşaban ərazisində yerləşən zibil poliqonundan tullantıların dənizə axıdılması ilə bağlı 2 iyulda Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Su Meliorasiya Sistemləri İdarəsinin nümayəndələrinin iştirakı ilə Xəzər dənizinin Lənkəran rayonu ərazisində yerləşən hissəsinə baxış keçirilib.
Keçirilən baxış zamanı Lənkəran şəhərinin Kiçik Bazar və Göyşaban kəndi ərazisində iki yerdən, həm Xəzər dənizinə tökülən axardan, həm də axarın töküldüyü hissədən su nümunələri götürülərək fiziki-kimyəvi və mikrobioloji tərkibinin yoxlanılması məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyaya təqdim edilib. Belə ki, Lənkəran şəhərində kanalizasiya şəbəkəsinin yenidənqurma işlərinin aparılması və çirkab sutəmizləyici qurğunun yaxın zamanda inşa edilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən məhdudlaşdırıcı tədbirin tətbiqi barədə” 19 iyun 2026-cı il tarixli, 13 nömrəli Qərarı ilə Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi və Kiçik Bazar adlanan yaşayış məntəqəsinin ərazilərində yerləşən çimərliklərdə, həmçinin yaxınlıqda yerləşən qeyri-qanuni çimərliklərdə dəniz suyundan çimmək məqsədi ilə istifadə olunması müvəqqəti olaraq qadağan edilib.