Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
APA xəbər verir ki, Xaçmaz Rayon Prokurorluğunun böyük müstəntiqi, ikinci dərəcəli hüquqşünas Əzimli Fərrux Natiq oğlu, “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, ağır cinayətlərə dair məhkəmələrdə dövlət ittihamının müdafiəsi şöbəsinin Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuroru Rəhimov Rəhim Müşfiq oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçilib.
Baş prokuror Kamran Əliyev müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar, həmçinin xidməti vəzifələrinin icrasında fərqlənmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edib.
***
10.13
Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilir.
APA xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.
Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks islahatların aparıldığını qeyd edən Baş prokuror qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.
Tədbir davam edir.