Zəlzələnin baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdik. Müraciətimiz qəbul olundu və artıq 4 gündür FHN qüvvələrinin tərkibində Kahramanmaraşda fəaliyyət göstəririk.
APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında zəlzələ bölgəsində olan azərbaycanlı həkim, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev deyib.
O bildirib ki, FHN-in modul tipli hospitalı digər tərəfdə qurulub: "Belə qərara gəlindi ki, infeksiyanın qarşısının alınması məqsədilə cərrahiyyə bloku yaradılsın. Hazırda 15 nəfərlik heyətlə çalışırıq. Burada cərrah, ümumi cərrah, uşaq cərrahı, travmatoloq, reanimatoloq fəaliyyət göstərir. Hospitalda reanmasiya bloku, cərrahiyə, intensiv terapiya blokları var. Bir ayrıca çadırda ambulator cərrahiyə üçün nəzərdə tutuluş blok yaradılıb. Bloklar hər bir təchizatla təmin olunub. Bütün bunlar Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin olunub".
Oqtay Mehdiyev qeyd edib ki, indiyə qədər hospitala zəlzələdən zərər görmüş 300-dən artıq şəxs müraciət edib.